Media resurslarına 20 fevral hücumlarını Rusiya ilə əlaqəli qruplar həyata keçirib - Ramid Namazov

Ekspertiza nəticəsində istər hücum zamanı istifadə edilən texniki üsullar, istərsə də davranış modelləri hücumun Rusiya ilə əlaqəli olan APT29 (“Cozy Bear”), yəni “Rahat Ayı” (digər adları isə Midnight Blizzard, the Dukes) qrupuna məxsus olduğu müəyyən edilib.
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiya tərəfindən “Azərbaycanın media resurslarına 20 fevral hücumları: Kibermüdaxilədən dezinformasiyaya” mövzusunda təşkil olunmuş ictimai müzakirələr zamanı komissiyanın sədri Ramid Namazov bildirib.
Deputat qeyd edib ki, bu qrup xüsusi əhəmiyyətli kiberəməliyyatlar həyata keçirən mütəşəkkil dəstədir.
“Kibercasusluqla məşğul olan APT29-un fəaliyyəti əsasən hökumət qurumlarını, xarici diplomatik nümayəndəlikləri, habelə siyasət, müdafiə, enerji, media və digər kritik sahələri hədəf almaqdan ibarətdir. İş metodlarına gəlincə isə, bir çox üsullardan, kibermüdaxilə alətlərindən istifadə edirlər. Onlardan biri də uzun müddət öncədən hədəfin sistemlərinə daxil olaraq, orada möhkəmlənmək və lazım olan anda hərəkətə keçməkdən ibarətdir. Məhz tətbiq etdikləri bu metod və siyasi məqsəd daşıyan motivləri onları digər kibercinayətkar qruplardan fərqləndirir. Beləliklə, APT29 adlı kibercasus qrupu bu il fevralın 20-də araşdırmalara görə təxminən 2-3 il idi ki, sistemlərində gizlicə fəaliyyət göstərdikləri media resurslarını tam ələ keçirirlər. Tərəfimizdən aparılan kiberpsixologiya təhlilləri nəticəsində hücumun motivinin də haradan qaynaqlandığı aydın olur. Motiv - fevralın 3-də ölkəmizdə hüquqi şəxs qismində qeydiyyatı olmayan və qanunvericiliyin tələblərini ciddi şəkildə pozduğu üçün fəaliyyətinə xitam verilən Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi – “Rus Evi” və o vaxt üçün ləğv edilməsi ilə bağlı söhbətlər gəzən "Rossiya Segodnya"nın (Sputnik) Azərbaycandakı nümayəndəliyi idi. Məhz bu proseslərdən dolayı siyasi motivli bu kibermüdaxilə hadisəsi baş verib”, - deyə o bildirib.