Xocalı və Ağdərəyə 2073 nəfər qayıdıb - FOTO

2026-cı ilin sonunadək “Böyük Qayıdış” proqramının I mərhələsinin tamamlanacağı və bu mərhələdə keçmiş məcburi köçkünlərin Qarabağ və Şərqi Zəngəzura qayıdacağı planlaşdırılır.
Redaktor.az xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, bugünədək Xocalı şəhərinə 341 nəfərdən ibarət 85 ailə, Xocalının Ballıca kəndinə isə 172 ailə- yəni 811 nəfər köç edib.
Ümumilikdə Xocalıda 1152 nəfər məskunlaşıb. Təkcə Xocalıya deyil, Ağdərəyə də köç davam edir. Ağdərə rayonunun Həsənriz kəndinə 70 ailə - 238 nəfər, Suqovuşan kəndinə 180 ailə - 592 nəfər, Talış kəndinə isə 91 nəfərdən ibarət 20 ailə köçürülüb. Ümumilikdə hazırda Ağdərənin kəndlərində 921 nəfər məskunlaşıb.
Bu proses isə mərhələli şəkildə davam edir. Geri qayıdan əhalinin dayanıqlı məşğulluğunun və sosial müdafiəsinin təmin edilməsi isə əsas istiqamətlərdən biri olaraq qalır. Qeyd edək ki, hazırda "Böyük Qayıdış" layihəsi uğurla həyata keçirilir. “Böyük Qayıdış” proqramının ikinci mərhələsi isə üç fazadan ibarət olmaqla, 2026-2040-cı illəri əhatə edəcək və proses 2040-cı ilə qədər yekunlaşacaq.



