Rusiyaya getmək istəyənlərin nəzərinə! - "Viza rejiminə bənzər prosedurlar tətbiq olunacaq"

"Son illərdə Rusiyada qanunsuz miqrasiya ilə mübarizə sahəsində mühüm və sərt qərarların qəbul olunduğunun şahidiyik. Qanunvericilikdə edilən dəyişikliklər daha çox miqrasiya sisteminin təkmilləşdirilməsi və nəzarətin gücləndirilməsi məqsədi daşıyır".
Bu barədə Redaktor.az-a açıqlamasında "Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması" İctimai Birliyinin sədri və Miqrasiya Əməkdaşlıq Platformasının rəhbəri, deputat Azər Allahverənov Rusiyaya giriş üçün tətbiq olunan QR kod sistemindən danışarkən dedi.
"Qeyd edək ki, artıq 2024-cü ilin dekabrından etibarən Rusiyanın bəzi beynəlxalq hava limanlarında foto çəkiliş və digər yeni nəzarət mexanizmləri tətbiq olunmağa başlanılıb. Bu da eksperiment kimi başlayıb, sonradan geniş miqyasda tətbiq edilməyə başlanılıb. İkinci mərhələ isə məhz bu 72 saat öncədən məlumatlandırma sisteminin tətbiqidir. Gələcəkdə isə üçüncü mərhələdə bu mexanizmlərin uzunmüddətli tətbiqi nəzərdə tutula bilər", - deyə o bildirdi.
Millət vəkilinin sözlərinə görə, Rusiyada son iki il ərzində miqrantların sayında kəskin azalma müşahidə olunur:
"Rəsmi məlumatlarda da bu azalma öz əksini tapır. Bunun fonunda Rusiya parlamentindəki fraksiyalar, siyasi partiya və seçki mərkəzlərinin nümayəndələri miqrasiya ilə bağlı yeni təkliflərlə çıxış edirlər. Onlardan biri də ölkəyə daxil olmaq istəyən şəxslərin səfərdən əvvəl təqdim etməli olduğu, 10 günə qədər qüvvədə olan tibbi arayışdır. Bu arayışda şəxsin QİÇS və digər infeksion xəstəliklərin daşıyıcısı olmaması təsdiqlənməlidir. Əgər bu təklif də qüvvəyə minərsə, demək olar ki, viza rejiminə bənzər prosedurlar tətbiq olunacaq".
Ekspertin fikrincə, bu qaydaların tətbiqi vizasız səfər edən əcnəbilərin Rusiyaya giriş sayının azalmasına səbəb ola bilər.
"Azərbaycan və Rusiya arasında miqrasiya mübadiləsi kifayət qədər yüksəkdir. Belə tənzimləmələr bu mübadilənin həcminin azalmasına gətirib çıxara bilər.
Nəticə etibarilə, bu tədbirlər Rusiya hökumətinin qanunsuz miqrasiya ilə mübarizədə daha effektiv və sərt siyasət yürütmək istədiyini göstərir. Hərçənd bu siyasət ölkənin əmək bazarında müəyyən boşluqlar yarada bilər, xüsusilə miqrantların əsas qüvvə təşkil etdiyi sahələrdə. Rusiya hökuməti bu məsələdə qətiyyətli mövqe nümayiş etdirir və gələcəkdə bu siyasətin daha da sərtləşəcəyinin şahidi ola bilərik",- deyə Azər Allahverənov vurğuladı.
Xədicə BAXIŞLI