Yol çökdü, avtomobil çuxura düşdü - zərəri kim ödəməlidir? - AÇIQLAMA

 13:00 08.05.2025     143

Son illər Bakıda bir sıra küçə və prospektlərdə aparılan yol təmir və yenidənqurma işləri bəzi hallarda keyfiyyətsiz icra olunur. Nəticədə yağıntılı hava şəraitində yolların çökməsi, asfalt örtüyünün dağılması və çuxurların yaranması sürücülər üçün ciddi təhlükə yaradır. Belə hallardan biri bir neçə gün öncə Bakının Nizami rayonu, Bəkir Çobanzadə və Bəhruz Nuriyev küçələrinin kəsişməsində baş verib. Sözügedən ərazidə son 20 gün ərzində yol artıq ikinci dəfə çöküb. Aprelin 16-da və daha sonra iki gün qeydə alınan hadisələrdə minik avtomobilləri çuxura düşərək ciddi ziyan görüblər. Bu kimi hallarda sürücülərin hüquqlarını bilməsi və zərərin ödənilməsi üçün hansı prosedurları izləməli olduqları xüsusilə vacibdir.

Avtomobili zərər görən sürücülər – nəqliyyat vasitəsi kasko və ya yalnız icbari sığorta ilə təmin olunduğuna görə – zərərin ödənilməsi üçün hansı hüquqi prosedurları izləməlidirlər və yolun texniki vəziyyətinin pis olması səbəbilə yaranan zərərə görə məsuliyyət kimin üzərinə düşür?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında sığorta eksperti Nicat Əlibəyli bildirdi ki, avtomobili zərər görən sürücünün kasko sığortası olduğu halda, ilk növbədə hadisə barədə dərhal sığorta şirkətinə və hüquq-mühafizə orqanlarına, xüsusilə də Dövlət Yol Polisinə məlumat verməsi vacibdir:

"Hadisə yerindən foto və video sübutlar toplanmalı, DYP əməkdaşları tərəfindən hadisə ilə bağlı akt tərtib edilməlidir. Kasko sığortası yalnız sığorta müqaviləsində göstərilən riskləri əhatə edir. Əgər yolun çökməsi, çuxura düşmə və ya digər texniki nasazlıq nəticəsində baş verən zərər həmin müqaviləyə daxil edilibsə, sığorta şirkəti bu zərəri qarşılayır. Buna görə də sürücülər sığorta müqaviləsinin şərtlərini diqqətlə öyrənməli və belə risklərin əhatə dairəsində olub-olmadığını əvvəlcədən bilməlidirlər".

Ekspertin sözlərinə görə, əgər avtomobil yalnız icbari sığorta ilə təmin olunubsa, bu halda sürücünün öz avtomobilinə dəyən zərər ödənilmir.

"Çünki icbari avtonəqliyyat sığortası yalnız üçüncü şəxslərə vurulan ziyanları əhatə edir. Belə vəziyyətdə sürücü hadisə yerində sübutlar toplamalı, Dövlət Yol Polisinə məlumat verməli və hadisə barədə protokol tərtib olunmasına nail olmalıdır. Daha sonra avtomobilə dəyən ziyanın məbləğini müəyyən edən ekspert rəyi əldə edilməlidir. Bu rəylə birlikdə sürücü zərərin ödənilməsi üçün yolun balansında olan quruma — bu halda Bakı Şəhər İcra Hakimiyyəti, müvafiq bələdiyyə orqanı və ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə yazılı müraciət etməlidir. Əgər həmin qurum ziyanın ödənilməsindən imtina edərsə, sürücünün mülki qaydada məhkəməyə müraciət etmək hüququ var" , - deyə Nicat Əlibəyli vurğuladı.

Xədicə BAXIŞLI