"Qarabağ qalib xalqa yaraşan formada yenidən qurulur"

"Növbəti dəfə cənab Prezident Qarabağda, Şərqi Zəngəzurda, işğaldan azad olunmuş ərazilərdə yeni infrastruktur layihələrinin açılışında iştirak edib. Həqiqətən də bu gün Azərbaycan xalqı cənab Prezidentin rəhbərliyi ilə qürurlu, şərəfli günlərini yaşamağa davam edir".
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov bu fikirləri Redaktor.az-a Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə sonuncu səfəri haqqında danışarkən bildirdi.
"Qalib xalqa yaraşan formada Qarabağ yenidən qurulur. Sürətli quruculuq və abadlıq işləri həyata keçirilir. Deyə bilərik ki, həqiqətən də tarixi hadisədir, bu gün biz işğaldan yox, bu ərazilərin tikilməsindən, yenidən qurulmasından danışırıq. Biz bu ərazilərin yenidən qurulduğunun şahidiyik. Tarixi bir mərhələ və dövrdür. Cənab Prezident orada ağdamlılarla görüşüb. Ümumiyyətlə, Qarabağ bizim üçün olduqca önəmli, strateji bir yerdir. Cənab Prezidentin açılışlarda iştirak etməsi də önəmlidir. Bizim hər zaman ən böyük arzumuz o olub ki, bu ərazilər bərpa olunsun. Bilirik ki, Ağdam Azərbaycanın muğam beşiyidir. Burada Muğam Mərkəzinin açılması yenidən muğam sənətinin dirçəlməsinə, inkişafına, irəli getməsinə öz önəmli və mühüm töhfəsini verəcək. Bu ərazilər yenidən öz inkişaf mərhələsini yaşayaraq daha da irəli gedəcəklər", - deyə millət vəkili əlavə edib.
Aytəkin TOFİQQIZI