İslam dini şahmat oyununu qadağan edir? - İlahiyyatçı AÇIQLADI

Xəbər verdiyimiz kimi, Əfqanıstan hakimiyyəti ölkədə şahmatı oynamağı qadağan edib. Hakimiyyət hesab edib ki, şahmat şans oyunudur və bu da dini normalara ziddir.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında ilahiyyatçı Tural İrfan bildirdi ki, İslam dinində musiqinin, faydalı idman növlərinin, şahmat kimi beyni inkişaf etdirən oyunların qadağan olunması barədə heç bir dəlil yoxdur:
"Əksinə, İslam dini bu kimi sahələrin inkişafına təşviq edir. Lakin vaxtilə İslam xilafətinə daxil olmuş fars "Şüubiyyə" təşkilatının gizli üzvləri müxtəlif İslam məzhəbləri qurublar və ya bu cərəyanlara daxil olublar. İslamın daxildən inkişafının qarşısını almaq üçün müxtəlif kitablar yazıb, Peyğəmbər adına yüz minlərlə hədis uydurublar. Bu rəvayətlərin içində musiqini, idmanı, şahmatı haram hesab edən hədisələr də çoxluq təşkil edir. Məqsəd isə müsəlmanların təfəkkür səviyyəsini inkişafdan geri salmaq idi.
Elmin əvəzinə süfi təriqətlər yaradıb guşənişinliyi, abidliyi, zahidliyi, tərkidünyalığı təbliğ ediblər. Beləcə, türklərin, müsəlmanların döyüş ruhunu öldürmək, sarsıtmaq üçün müxtəlif üsullara əl atıblar. Şahmat insan beynini inkişaf etdirən, ağılı məşq etdirən faydalı oyun növüdür. Hərb sahəsində olanlar üçün daha vacib strategiyaların öyrənilməsində əhəmiyyətli vasitələrdəndir. İslam dinində qumar haramdır. Qumar alətləri var ki, sırf bu oyunlar və yaxud oyun alətləri qumar üçün nəzərdə tutulub. Məhz bu oyunlar və alətlər haramdır. Lakin şahmatın qumar aləti olması və yaxud sırf qumar məqsədi ilə istifadə edilməsi inancı yanlışdır".
İlahiyyatçı qeyd etdi ki, Əfqanıstanda da məhz orta əsrlərdə "Şüubiyyə" təşkilatının təsis etdiyi dini məfkurə hakim olduğundan, bu cür xurafatçı və radikal addımlar atırlar.
"Bir var əsl din, dinin əsl mahiyyəti, bir də var uydurma din – din adı ilə qondarılmış zərərli ideologiya. Təəssüf ki, Əfqanıstanda da əsl din hakim deyil. Şahmatın, oyunların, musiqinin ləğv edildiyi cəmiyyətdə heç zaman inkişaf ola bilməz. İnsanların təbii hisslərini, mənəvi ehtiyaclarını zorla boğmağı heç bir din əmr etmir. Əfqanıstanda bu cür qərarlar gec-tez sosial partlayışa səbəb olaraq böyük fəlakətlərə gətirib çıxara bilər. Radikal, mühafizəkar, xurafi qərarları din adına yazmaq da bir ayrı qəbahətdir. İslam dini müasirliyi, musiqini, incəsənəti, elmi, mədəniyyəti inkişaf etdirməyi tövsiyə edir. Amma uydurma inanca görə, guya din bunların hamısını haram edib. Bu, çox yanlış və müsəlman aləmini inkişafdan, tərəqqidən, müasirlikdən geri salan düşüncələrdir. Əfqanıstanın orta əsrlərə qayıtmaq cəhdinə sadəcə təəssüf etmək olar",- deyə Turan İrfan vurğuladı.
Xədicə BAXIŞLI