Generalı nazir əvəzlədi

"Paqonlu" idarəetmədən mülkiyə keçid sektorun inkişafına necə təsir göstərəcək?
Ötən gün Prezidentin fərmanı ilə İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasında mühüm struktur islahatı aparılıb.
İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının tərkibi və idarəedici qurumu dəyişib.
Əgər əvvəllər bu komissiyaya Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəhbəri sədrlik edirdisə, cari fəaliyyəti də bu qurum tərəfindən koordinasiya olunurdusa, indi həm sədrlik, həm də icraedici struktur Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə keçib.
Bu Komissiya 7 il öncə yaradılıb.
Komissiya ölkənin informasiya təhlükəsizliyi sektorunda fəaliyyət göstərən dövlət qurumlarının işinin əlaqələndirilməsini təşkil edir.
Xatırladıram ki, indiyədək bu Komissiyanın sədri XRİTDX-nin rəisi, general İlqar Musayev olub.
Bundan sonra isə Komissiyaya nazir Rəşad Nəbiyev sədrlik edəcək.
Eyni zamanda yeni fərmanla Komissiyanın tərkibində də dəyişiklər gözə dəyir.
Komissiya üzvlüyündən çıxarılanlar və yeni əlavə olunanlar var.
RİNN yanında Elektron Təhlükəsizlik Xidmətinin rəisi, Elm və təhsil nazirinin müavini də Komissiyanın tərkibində olacaq.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini və ETN İnformasiya Texnologiyaları İnstitutunun direktoru Komissiya üzvlüyündən çıxarılıb.
Görünən odur ki, Ali hakimiyyət bu Komissiyanın daha çox mülkiləşdirmə xəttini əsas göütürüb. Komissiya inzibati-hərbi profildən mülki-texnoloji idarəetməyə keçib.
Xeyli düşündürücüdür!
Yeni tərkibdə generalın nazirlə əvəz edilməsi, idarəetmənin inzibati qurumdan mülki quruma keçməsi, Elm və Təhsil Nazirliyi, Elektron Təhlükəsizlik Xidməti kimi qurumların aktiv iştirakı da sektorun kordinasiyasında daha çox mülkiləşmənin göstəricisi hesab oluna bilər.
Son zamanlar, xüsusən son 2-3 ildə dövlət sektorunda informasiya təhlükəsziliyi və kiber sahədə xeyli əhəmiyyətli irəliləyiş əldə olunmuşdu. Burada Komissiyanın da rolu çox böyük olub.
Ölkədə yeni kritik informasiya infrastrukturu formalaşıb. DTX və XRİTDX bu ekosistemdə ciddi dönüş yaratmışdılar. Beynəlxalq reytinqlərdə də bu irəliləyiş açıq-aşkar hiss olunurdu.
Belə bir anda hökumətin sektorun əsas kordinasiyaedici Komissiyasında ciddi dəyişiklik etməsi xeyli düşündürücüdür.
Əlbəttə, nəzərə alsaq ki hazırda kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi sahəsində əsas problemlər qeyri-dövlət sektorundadır, atılan addımlar müəyyən dərəcədə məntiqli görsənir. Düşünmək olar ki, hökumət qeyri-dövlət sektorunda informasiya təhlükəsizliyi və kiber ekosistemdə daha ciddi dönüş yaratmaq istəyir.
RİNN tabeliyində olan Elektron Təhlükəsizlik Xidməti son zamanlar bir qədər aktivləşsə də hələlik bu sahədə öz sözünü deyə bilməyib.
Yeni yanaşmalar isə bu istiqamətdə ciddi irəliləyişlərin ola biləcəyini proqnozlaşdırmağa əsas verir.
Düşünmək olar ki, hökumət bu sektorda “paqonlu” idarəetmədən mülki idarəetməyə keçiddə həm də beynəlxalq praktikanı nəzərə alıb.
Son illərdə bu xətt DTX-nın da fəaliyyətində açıq-aşkar görsənirdi. DTX kritik informasiya infrastrukturu quruculuğunda əsas istiqaməti və üstünlüyü “paqonsuz” yanaşmaya vermişdi.
Özəllər üçün də əlçatan olan Milli Kibertəhlükəsizlik Mərkəzi yaratmışdı.
Beynəlxalq təcrübədə də bu ekosistemdə, yəni informasiya təhlükəsizliyi və kiber sahədə idarəetmədə mülki xəttə üstünlük verilir, nəinki “paqonlu” strukturlara.
Güman ki etmək olar ki hökumət də bu tendensiyaları nəzərə alıb.
Ümid edirəm informasiya təhlükəsizliyi kimi vacib bir sektorda çalışan qurumların kordinasiyasına cavabdeh olan Komissiya yeni tərkibdə qarşıya qoyulan vəzifələri uğurla həyata keçirə biləcək.
Xatırladıram ki, uzun illər Nazirlər Kabineti nəzdində fəaliyyət göstərən, sektorda "Generallar komissiyası" adlandırılan Radiotezliklər üzrə Dövlət Komissiyası da 4 il öncə Prezidentin fərmanı ilə yenidən formalaşıb və nazir Rəşad Nəbiyev həmin komissiyanın da sədri təyin edilib.
Osman GÜNDÜZ,
Azərbaycan İnternet Forumunun prezidenti