"Ölkəmizdə gedən proseslər kimlərinsə xoşuna gəlmir" - PA-nın sektor müdiri

 13:22 14.05.2025     196

"Son hadisələr göstərib ki, Azərbaycan mediası təkcə dünya ictimaiyyətinin deyil, həm də bədniyyətli qrupların diqqət mərkəzindədir".

Redaktor.az-ın məlumatına görə, bunu Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Rəqəmli media ilə iş sektorunun müdiri Elmir Vəlizadə Medianın İnkişafı Agentliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, lektron Təhlükəsizlik Xidməti və “AzİntTelekom” MMC-nin birgə təşkil etdiyi media subyektləri üçün kibertəhlükəsizlik mövzusunda tədbirdə bildirdi.

"Ölkəmizdə gedən proseslər kimlərinsə xoşuna gəlmir və onlar hansısa şəkildə bu proseslərə müdaxilə etmək istəyirlər, bunun üçün də müəyyən mənada medianı hədəf kimi görürlər. Bu təlimlər ona görə təşkil olunur ki, mediamız bu illərdə qazandığı nüfuzunu saxlasın, daha da genişləndirsin, müasir texnologiyalar onlara maneəçilik törətməsin. İnformasiya texnologiyaları, kibertəhlükəsizlik sahəsində olan mütəxəssislər də özlərini mediadan kənar hiss etməsinlər. Onlar bir kollektivin üzvü olaraq ümumi işə, məqsədə töhfə vermək məramında olsunlar”, - deyə PA rəsmisi qeyd etdi.

E.Vəlizadə həmçinin bildirdi ki, ilkin məlumatlara əsasən, media subyektlərinin hamısında İT mütəxəssislərlə tam təminat yoxdur:

Bəzi hallarda çatışmazlıqlar müşahidə olunur. Bu, müəyyən qədər gözlənilən haldır. Lakin bu suallara birlikdə cavab tapmalı və çalışmalıyıq ki, mediamızın fəaliyyətində texnoloji səbəbdən heç bir problem yaranmasın. Kontent məsələləri redaksiyaların daxili siyasətidir və hər bir media qurumu bunu özü tənzimləyir. Amma texnoloji təminat məsələsində birlikdə fəaliyyət göstərməli, qarşılıqlı dəstək göstərməliyik. Əgər ehtiyac olarsa, bu istiqamətdə əlavə təlimlər də təşkil edilə bilər. Biz belə təlimləri keçirməyə hazırıq”.

Redaktor.az