Ağacdan yıxılmamaq üçün bunu edin - Ekspertdən TÖVSİYƏ

 15:51 15.05.2025     156

Xəbər verdiyimiz kimi, 1962-ci il təvəllüdlü Qüdrət Vahidov mayın 8-də və 1975-ci il təvəllüdlü Müşfiq Şirinov isə mayın 12-də ağacdan alça yığarkən ehtiyatsızlıqdan yıxılaraq vəfat ediblər.

Bu kimi halların baş verməməsi üçün insanlar nəyə əməl etməlidirlər?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev bildirdi ki, meyvələrin dərilməsi və ağacların budanması zamanı ağaca çıxmaq zəruri olduqda yıxılma halları baş verə bilər:

"Bu səbəbdən, təhlükəsizlik məsələləri mütləq şəkildə nəzərə alınmalıdır. İşlər texnika vasitəsilə həyata keçirilsə belə, həm texnikanın təhlükəsiz istismarı, həm də ağacdan yıxılma ehtimalını nəzərə alaraq bütün təhlükəsizlik tədbirləri görülməlidir".

Ekspert qeyd etdi ki, yıxılmaların qarşısını almağın ən effektiv yollarından biri təhlükəsizlik kəmərindən istifadə olunmasıdır:

"İstər ağacların budanması, istər meyvələrin yığılması, istərsə də dərmanlama işləri məqsədilə ağaca çıxıldıqda təhlükəsizlik kəməri mütləq şəkildə istifadə edilməlidir. Bu kəmər sertifikatlaşdırılmış və təhlükəsizlik standartlarına cavab verən kəmər olmalı, ağacın möhkəm budağına və ya gövdəsinə düzgün şəkildə bərkidilməli və belə bağlanmalıdır. Belə olan halda, hər hansı yıxılma riski yarandıqda, şəxs qorunmuş olur.

Ümumiyyətlə, istənilən halda əgər iş hündürlükdə aparılırsa, bütün ehtimallar nəzərə alınaraq təhlükəsizlik kəmərindən istifadə olunması vacibdir",- deyə Elmar Nurəliyev bildirdi.

Xədicə BAXIŞLI