Bakının mərkəzində söküntü başlayır - Bu qədər kompensasiya ÖDƏNƏCƏK

 18:28 19.05.2025     187

Bakının mərkəzində yeni söküntü başlayır, yerində park salınacaq.

Redaktor.az “Teleqraf”a istinadən xəbər verir ki, paytaxtın Yasamal rayonunda, Təzə Pir məscidinin tinindən Daxili İşlər Nazirliyinin (DİN) və Baş Prokurorluğun binalarına qədər olan ərazilər sökülüb Mərkəzi Parka birləşdiriləcək.

Hazırda ərazidə yaşayan sakinlər və obyekt sahibləri ilə danışıqlar aparılır. Söküntü Təzə Pir məscidinin tinindən yuxarıda 199 nömrəli məktəb (Süleyman Tağızadə, Mirzə Fətəli Axundov, Lev Tolstoy, Murtuza Muxtarov, Rza Quliyev küçəsi, Nizami, Zərgərpalan, Həzi Aslanov, Əli Quliyev, Bəşir Səfəroğlu, Vidadi, Çingiz Mustafayev küçələri), sol tərəfdə isə Nizami küçəsinin bir hissəsini əhatə etməklə DİN və Baş Prokurorluğun binalarına qədər olan ərazidə aparılacaq.

Söküntüdən sonra ərazidə hər hansı başqa yaşayış, qeyri-yaşayış binalarının tikintisi nəzərdə tutulmayıb və Mərkəzi Parka birləşdiriləcək.

Söküləcək evlərin hər kvadratına görə 2700 manat, qeyri-yaşayış obyektlərinin hər kvadratına görə 3000 manat kompensasiya ödəniləcək. Maliyyələşməni Maliyyə Nazirliyi həyata keçirəcək.

Hazırda əsas problem kvadratı az olan mənzillərlə bağlıdır. Söküntü aparılacaq ərazidə xeyli sayda 15-25 kvadratmetrlik evlər var. Hökumətdə qəbul edirlər ki, onların sahiblərinə ödənilən kompensasiya ilə Bakıda yeni mənzil sahibi olmaq mümkün deyil. Ona görə də vəziyyətdən çıxış yolları axtarılır.

Əldə etdiyimiz digər xəbərə əsasən, məsələyə Nazirlər Kabinetində baxılır və kvadratı az olan evlərlə bağlı vahid tarif hazırlanır. Qurumun yaxın vaxtlarda söküntü zamanı az kvadratlı (20-25-30) evlərə ödənilən kompensasiya məbləği ilə bağlı qərar verməsi gözlənilir.

Bəs həmin ərazilərdəki tarixi abidələrin taleyi necə olacaq?

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, ərazidəki tarixi abidələr qorunacaq. Məlumata görə, Mərkəzi Parkın genişləndirilməsi zamanı həmin əraziyə düşəcək tarixi və mədəniyyət abidələrinin siyahısı tutulub.

“Bakı şəhəri Süleyman Tağızadə, Mirzə Fətəli Axundov, Lev Tolstoy, Murtuza Muxtarov, Rza Quliyev küçəsi, Nizami, Zərgərpalan, Həzi Aslanov, Əli Quliyev, Bəşir Səfəroğlu, Vidadi, Çingiz Mustafayev küçələri arasında çoxlu sayda (72) tarix və mədəniyyət abidələri yerləşir.

Sözügedən məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə vətəndaşlar tərəfindən də müraciətlər daxil olub. Məsələ aidiyyəti dövlət orqanları ilə birgə yerində araşdırılıb, müzakirələr aparılıb. Dövlət Xidməti tərəfindən tarixi abidələrlə bağlı müvafiq məlumatlar aidiyyəti üzrə təqdim olunub. Həmin abidələr dövlət mühafizəsindədir və hər hansı tarixi abidənin sökülməsi nəzərdə tutulmur”, - qurumdan qeyd olunub.