Qurbanlıq heyvanlar bu şərtlərlə KƏSİLMƏLİDİR

 14:08 21.05.2025     92

Məlum olduğu kimi, 6-7 iyun tarixlərində Qurban bayramı qeyd olunacaq. Qida Təhlükəsizliyi Agentliyi qurbanlıq heyvanların kəsimi zamanı əməl edilməli olan tələbləri açıqlayıb. 

Redaktor.az xəbər verir ki, tələblərə əsasən, qurbanlıq heyvanlar yalnız xüsusi ayrılmış və sanitariya-gigiyena tələblərinə cavab verən məntəqələrdə kəsilməlidir. Küçə, yol kənarı, məhəllə araları kimi qanunsuz və antisanitar yerlərdə aparılan kəsimlər xəstəliklərin yayılmasına səbəb ola bilər. 

Kəsim həm də ətraf mühitin, insan sağlamlığının qorunmasına yönəlməlidir. Heyvan kəsimi məntəqələrində fasiləsiz su təminatı olmalı, qəssablar xüsusi geyimdə və tibbi yoxlamadan keçmiş vəziyyətdə fəaliyyət göstərməlidir. Alətlər daim dezinfeksiya olunmalı, tullantılar isə vaxtında və düzgün şəkildə ərazidən kənarlaşdırılmalıdır. 

Ət məhsullarının satışını həyata keçirən məkanlar sanitar və baytarlıq tələblərinə cavab verməlidir. Cəmdəklərin saxlanıldığı yerlər soyuducu avadanlıqlarla təchiz edilməli, soyuq zəncir prinsipi qorunmalıdır. Diri heyvanların satışına bu nöqtələrdə yol verilməməlidir. Tələb olunan infrastruktur və nəzarət sistemi olmadan həyata keçirilən satış və kəsimlər həm təhlükəli, həm də qanunsuzdur.