"Belə bir şəraitdə “təhsil inkişaf edir” demək ictimaiyyətin ağlını alçaltmaqdan başqa bir şey deyil" - Kamran Əsədov

 14:28 23.05.2025     363

"Dövlət İmtahan Mərkəzinin 2025-ci il buraxılış imtahanlarının nəticələri ətrafında yaranmış narazılıqlar və qurumun özü tərəfindən 2000-dən çox imtahanın yanlış yoxlanıldığını etiraf etməsi Azərbaycanın təhsil sistemində illərdir yığılıb qalmış sistemli problemlərin və idarəetmədəki ciddi boşluqların açıq göstəricisidir. Bu təkcə texniki və prosedur məsələsi deyil, bu, konstitusion hüquqların pozulması, vətəndaş etimadının itirilməsi və təhsilin legitimliyinin zəiflədilməsi ilə nəticələnən struktur böhrandır".

Bu fikirləri Redaktor.az-a təhsil eksperti Kamran Əsədov 11-ci siniflər üçün keçirilən buraxılış imtahanları ilə bağlı narazılıqlardan danışarkən bildirdi.

O qeyd etdi ki, Azərbaycan Respublikasının Konstitusiyasının 42-ci maddəsinə əsasən, hər bir vətəndaşın təhsil almaq hüququ vardır:

"Bu hüquq yalnız məktəbdə dərs keçməklə deyil, eyni zamanda biliklərin qiymətləndirilməsində ədalətli, şəffaf və obyektiv sistemlə də təmin olunmalıdır. Əgər şagirdin imtahan nəticəsi düzgün yoxlanılmırsa və apellyasiya zamanı onun arqumenti dinlənilmirsə, bu artıq həmin maddənin real həyata tətbiqinin pozulması deməkdir.

DİM-in apellyasiya komissiyalarının fəaliyyəti ilə bağlı ictimaiyyətin illərdir səsləndirdiyi tənqidlər qulaq ardına vurulub. Halbuki “İnzibati icraat haqqında” Qanunun 62.1-ci maddəsinə görə, vətəndaşların müraciətlərinə baxılarkən onların təqdim etdiyi sübutlar, izahatlar dinlənilməli, tərəflərin bərabər hüquqluluğu təmin edilməlidir. Lakin təcrübədə DİM-in apellyasiya iclaslarında iştirakçıya söz verilməməsi, yalnız müəllim ekspertin qeydləri əsasında qərar çıxarılması, bu, hüquqi norma ilə ziddiyyət təşkil edir".

K.Əsədovun sözlərinə görə, ən ciddi məsələ isə DİM-in özünün 2000-dən çox imtahan nəticəsini səhv yoxladığını açıq şəkildə etiraf etməsidir.

"Bu təkcə texniki xətaların say çoxluğu deyil, həm də bu, sistemin keyfiyyətsiz, yoxlamaya cavabdeh şəxslərin qeyri-peşəkar olması, proseslərin avtomatlaşdırılsa belə, üzərində insan nəzarətinin effektiv təşkil olunmamasının göstəricisidir. Əgər 300 bal toplayan bir şagirdin nəticəsi əvvəlcə səhv göstərilirsə, bu, sistemin yoxlama mexanizminin kökündən problemli olduğunu göstərir.

Problemin kökləri bir neçə istiqamətdə yatır. Birinci səbəb DİM-in mərkəzləşdirilmiş və qapalı idarəetmə modelidir. Bu modeldə hesabatlılıq, ictimai nəzarət və şəffaflıq elementləri azdır. İkinci səbəb, DİM-də imtahan yoxlama sisteminin və insan resurslarının keyfiyyət meyarlarına uyğun formalaşmamasıdır. Bu qurumda ekspert statusu verilən müəllimlərin hansı əsasla seçildiyi, onların treninqdən keçib-keçmədiyi, nəticələrin düzgün yoxlanılıb-yoxlanılmadığı barədə heç bir ictimai hesabat verilməmişdir. Üçüncü və ən təhlükəlisi isə DİM-in islahatlara qapalı olması və tənqidi qəbul etməməsidir.

Dünya təcrübəsində ali və buraxılış imtahanları müstəqil komissiyalar, akademik qurumlar və üçüncü tərəf qiymətləndiricilər tərəfindən həyata keçirilir. Məsələn, Finlandiyada şagirdin biliyi yalnız yekun imtahanla deyil, müəllim qiymətləndirməsi və prosesin bütün il üzrə müşahidəsi ilə formalaşır. Estoniyada isə yekun imtahan sistemində hər bir nəticə üçün ayrı-ayrı şikayət proseduru və ictimai nəzarət mexanizmləri mövcuddur. Azərbaycanda isə DİM-in eyni anda həm imtahanı keçirməsi, həm yoxlaması, həm də apellyasiyanı dəyərləndirməsi, yəni bütün mərhələlərin bir qurumun əlində cəmlənməsi nəticələrin obyektivliyini təmin etmir".

Təhsil eksperti qeyd etdi ki, bu vəziyyəti dəyişdirmək üçün ilk növbədə DİM-in fəaliyyət mexanizmi struktur baxımından islah edilməlidir.

"Buraxılış və qəbul imtahanlarının keçirilməsi, qiymətləndirilməsi və apellyasiyası üçün ayrıca müstəqil alt komitələr yaradılmalı, ictimai nəzarət sistemləri tətbiq olunmalı, valideyn assosiasiyaları, müəllim birlikləri və ekspertlər prosesə cəlb edilməlidir. İmtahanların yoxlanma prosesi şəffaflaşdırılmalı, iştirakçılar üçün tam baxış imkanı verilməli, testlərə dair izahlar təqdim olunmalı, sistemin texniki və metodoloji hissəsi auditdən keçirilməlidir.

Əgər bu islahatlar həyata keçirilməzsə, təkcə 2025-ci ildə yox, növbəti illərdə də minlərlə şagird haqsızlıqla üzləşəcək, təhsilə güvən azalacaq və daha da pisi savadlı uşaqlar bu ölkədə öz gələcəyini görməyəcək. Belə bir şəraitdə “təhsil inkişaf edir” demək ictimaiyyətin ağlını alçaltmaqdan başqa bir şey deyil. Təhsil sisteminin inkişafı yalnız ədalətli, şəffaf və etibarlı imtahan sistemi ilə mümkündür. DİM isə bu etimadı artıq sarsıdıb. Onu bərpa etmək üçün radikal islahatlar zəruridir", - deyə müsahibimiz bildirdi.

Aytəkin TOFİQQIZI