Nağıl istəyənə nağıl, noğul istəyənə noğul, ağıl istyənə ağıl! - Fazil Mustafa yazır

 13:45 27.05.2025     1018

Bütün cəmiyyətlər belədir. Hər kəsə istədiyini verməlisən ki, döyülməyəsən, söyülməyəsən, öldürülməyəsən! Böyük çoxluq tarixdən də, dindən də nağıl istəyir. Düşünmədən rahatca nağıllar dünyasında xoşbəxtliyini tapır. Və bu xoşbəxtliyin sərməstliyi içində ağzının tamını tarazlaşdırmaq, çağdaş dünyada yaşadığını hiss etmək üçün materialist noğul istəyir. Çoxluğun istəmədiyi tək bir şey var, o da ağıldır. Ağıl istəmək düşünmək deməkdir, ağıl istəmək illər irəlilədikcə öz düşüncələrini təftiş etmək deməkdir, yeni dövrlə əski dövrləri sağlam məntiqlə müqayisə etmək deməkdir. Bir vaxtlar yunan, Roma sivilizasiyasını yaşamış avropalılar din üzərindən nağıl istəyən Bizanslılara, Vatikanlılara çevriləndən sonra min ilə yaxın bir sürə şirin noğul sömürərək çevrədəki nağılbaz toplumlara acılar yaşatdılar. Sonra düşünmək istəyən adamlar bircə-bircə peyda oldular və əlahəzrət ağıldan danışmağa başladılar, yenidən yunanda doğmuş ağılın üstünü basmış külü təmizləmək kimi əzablı bir işə girişdilər. Bu elə bir dövr idi ki, həm Avropada, həm də müsəlman Doğusunda ağıl deyən, düşüncə deyən hər kəsi Allah adına öldürürdülər, susdururdular. Ancaq onlar bacardılar, biz bacarmadıq. Biz nağıldan ağıla keçidin sancılarını hələ də yaşamaqdayıq! Dinimizdə də belədir. Quran ağıldır, hədis, əhbar nağıl. Ağıldan danışmaq istəyəndə dərhal nağılla susdurmağa çalışırlar.

Hətta Qarabağda qazanılan böyük qələbə də niyəsə çoxumuza nağıl kimi gəlir. Bir qismimiz üçün bu qələbənin ləzzəti sömürdüyümüz noğuldan çox-çox aşağıdır. Halbuki bu qələbə də hərbi və diplomatik ağılla qazanılmış qələbədir. İndi bu qələbəni nağıla çevirənlərlə ağılla irəli götürmək istəyənlərin zehni toqquşması qabarıq şəkildə özünü göstərməkdədir. Əlbəttə, kimin hansı cinahda olması özünün seçimidir. Bizim işimiz Nağılsevər və Noğulsevər azərbaycanlılara Ağılsevər azərbaycanlı olmanın faydasına inandırmaqdan başqa bir şey deyil.

Odur ki, bəzi suallara cavab üçün yaxınlarda qaranlıqdan çıxıb işıq üzü görəcək “Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” kitabında da toxunduğum məqamların bəzi fraqmentlərini Ağılsevər azərbaycanlılara çatdırmağı məqsədəuyğun sayıram.

İnsan tarix içində hara getdiyini ancaq öz düşüncə tarixinə geridən baxdığı zaman, ortaya çıxardığı düşüncə məhsullarını dəyərləndirdiyi zaman bir dərəcəyə qədər anlaya bilər.

Qətiyyətlə iddia edirəm Biz keçmişi qədim, tarixi yeni olan bir xalqıq. Qaranlıq keçmişdən aydınlıq tarixə XIX əsrin başlarında keçid etmişik. Xalqımızın yaşadığı torpaqların quzey hissəsini Rusiya İmperiyası işğal edib, onun müstəmləkə idarəçiliyində yaşamağa məhkum olmuşuq. Xalqımızın böyük çoxluğu təşkil edən digər bir hissəsi İran hakimiyyətinin Türk sayılan Qacar xanədanının idarəçiliyi altında yaşamağa davam edib. Və iki fərqli rejim altında yaşayan bir xalq ən azı yüz illik bir zaman sürəcində zehni, əqli, milli düşüncə və ideallar yönündə yüz illik zaman sürəcində bir-birindən köklü şəkildə ayrılmışlar. Yəni ərazi parçalanmasından da ciddi bir hadisə baş verib: əqli, zehni, mental parçalanma! Yəni xalqın böyük bir hissəsi keçmişi yaşamağa davam edib, az bir hissəsi isə tarixi xalq olmaq üçün gələcəyin qapılarını aralayıb. Və bu tarixi xalq olma sürəcinin ilk mərhələsi 1918-ci ildə Azərbaycan Xalq Cumhuriyyətini qurmaqla, yeni bir millətə çevrilməklə tamamlanıb. Bu o deməkdir ki, 1828-ci ildə tamamlanan Rusiya işğalı bizi hər nə qədər müstəmləkə xalqına çeviribsə, torpaqlarımıza İrandan çox sayda ermənilər köçürübsə, torpaqlarımızda dərhal bir erməni vilayəti yaradıbsa, xanlıqlarımızı ləğv edibsə də, ancaq bir əvəzolunmaz faydalı tarixi iş görüb: Şərq arealında yaşayan, özünə ad verməyi unutmuş Qafqaz türkləri, tatarları, müsəlmanları və ya şiələri deyilən bir xalqı Səfəvi-Qacar-İran bataqlığından, dinçik-məzhəbçilik qaranlığından, geriçiliyindən işğal nəticəsində zorla qopararaq, Rusiya mədəni mühiti vasitəsilə Batılaşmağa, Avropalaşmağa, Çağdaşlaşmağa yönəldib.

Biz son 200 ilin beş önəmli tarixi dönəminə özəl diqqət yetirməliyik:

–Birincisi, xalqımızın bir hissəsinin Türkmənçay nəticəsində İrançı dinçi bataqlıqdan qoparaq zor gücü ilə Rusiya müstəmləkiçiliyinə məhkum olduğu dönəm (1813 - 28 may 1918);

-İkincisi, Azərbaycan Xalq Cumhuriyyətinin - ilk müstəqil dünyəvi dövlətimizin qurulduğu dönəm (28 may 1918 – 28 aprel 1920);

-Üçüncüsü, Bolşevik Rusiyanın işğalı nəticəsində formal müstəqil Azərbaycan Sovet Sosialist Respublikasının mövcud olduğu dönəm (1920-1991);

-Dördüncüsü, 1991-ci ildə müstəqil Azərbaycan Respublikasının bərpası dönəmi;

Və nəhayət

-Beşincisi, 2020-ci il 10 noyabr tarixində Azərbaycan dövlətinin Qarabağda erməni işğalına son qoyması ilə başlanan və 2023-cü il 20 sentyabr tarixində yekunlaşan Bütövləşmiş və ya Bütöv Azərbaycan dönəmi.

Obyektiv və bilgə filosoflar, tarixçilər, sosioloqlar aydınlıq tariximizə aid beş dönəmi gələcəkdə yeni baxış bucağından ayrı-ayrılıqda, əhatəli şəkildə araşdırır deyə, ümid edirəm. Müstəmləkə tarixində qaçırdığımız fürsətləri, yaşadığımız faciələri, əldə etdiyimiz faydaları da araşdırmalıyıq və danışmalıyıq. Biz tariximizi, indimizi, gələcəyimizi indi daha rahat və kompleksiz şəkildə düşünə bilərik. Bu planda düşünmənin hər məqamının psixoloji yönləri gözardı edilməməlidir. Bizim nəsil yaddaşımızın qısa olmasının, əlbəttə, ən faydalı cəhəti yeni xalq və ya yeniləşən xalq olma fürsətlərini artırmasındadır. Yeniləşməyə açıq olmaq qətiyyən faydalı tarixdən imtina deyil, sadəcə qaranlıq keçmişdən uzaqlaşmaqdır.

Yeniləşmə həm də o deməkdir ki, tarixdən hansı mirasa sahib çıxma seçimini doğru edirsən. Şərqin bilinən bütün tarixi boyu Şumerdən bu tərəfə dini dövlətlər mövcud olub. Bu isə ancaq Allahın haqqından bəhs etməyə imkan tanıyıb. Bu cür toplumlarda Kral və ya Şahla birlikdə məzara dəfn olunan onlarla qulun və ya kənizin insan kimi hansısa haqqından söz açmağa yer qalmaz... Belə bir tarixə yiyə durmanın hansı yorumu ola bilər ki?

Qərbdə inkişafın üç mərhələdən keçməsi barədə tezislərə diqqətlə yanaşmamız lazım gəlir. Hegelə görə, reformasiya, yəni dini inanclarda mətnlərin yenidən şərhi, sekulyarlaşma, yəni dövlətlə kilsənin ayrılıması və aydınlaşma, yəni başqa sözlə, seçkin düşüncə elitasının topluma yön verməsi mərhələləri Batı düşüncəsinin spesifik inkişaf istiqamətləri kimi anlaşılmalıdır. Doğu bu mərhələlərdən məhrumdur və dini-mistik təmələ dayanan dövlətlər üzərindən yaşamına davam etməkdədir. Hər hansı bir toplumda dəyişimi əsasən seçkin düşüncə insanları gerçəkləşdirə bilər. Müsəlman Doğusunun tarixində mollaların ölüm fətvalarının, siğə qaydaları barədə təlimatlarının bolluğu içində daha nəyi tapmaq mümkündür ki?!. Avropadan mənimsənilən dəyərlər, azadlıqlar olmasaydı, bomboz bir keçmiş, zorakılıq və şiddətdən başqa çox az faydalı əməl və hadisələrlə qarşılaşa bilərik...

Tarixi dəyişdirən təbiətlə təması olan və onun elmi, fəlsəfi, sənət mahiyyətini araşdıran insanlardır. Bizim problemlərimiz, dini-mistik yaşama etiraz bayrağını qaldıran milli elitamızın, seçkin insanlarımızın son yüzillərdə yetişməsinə imkan tanıyan mühitin olmaması ilə bağlıdır. Kitab oxuyan bir hökmdarın hakimiyyətə gəlişi ilə, onun elmə, ədəbiyyata, sənətə himayəçiliyi ilə qısa bir müddətdə bir neçə şair, rəssam, alim parıltısı ilə çağın mahiyyətini dəyişdirmək mümkün olmaz. Düşüncə azadlığı, sekulyar sistem olmadan dəyişim baş verə bilməz. Tarix isə dəyişim deməkdir. Dəyişim üçün tarixin kökünü gələcək zamanda görməlisən.

Tarix gələcəyin özkeçmişidir. Tarixin kökü keçmişdə deyil, gələcək zamandadır. Bu kökü keçmişdə görən o qədər qəbilələr mövcuddur ki, çağdaşlığın hansısa komponentinə hələ də yetişə bilməyiblər. İbtidai toplumlardan insanları təkamülə yönəldən gələcəyin təxəyyülü, çağırışıdır. Gələcəyin çağırışı üzərindən insan öz həyatını yenidən təftiş edərək mövcud yaşam mühiti ilə vidalaşmanın yollarını axtarar. Nə yazıq ki, müsəlman Doğu toplumlarında gələcəyin təxəyyülü olmadı və demək olar ki, olması da gözlənilmir. Bu gün belə Avropa dəyərləri ilə iç-içə olan bizim kimi toplumlarda keçmişdən qopa bilməyən düşüncə yenə də ağırlığını qorumaqdadır.

Maraqlıdır ki, bu məmləkətdə hər kəs bir sahənin və ya bir kimliyin qoruyucusudur: kimi dinin, kimi dilin, kimi Quranın, kimi hədisin, kimi sünniliyin, kimi şiəliyin, kimi Darvinin, kimi Füzulinin, kimi Səməd Vurğunun, kimi iqtidarın, kimi müxalifətin, kimi partiya liderinin, kimi qeyri-hökumət təşkilatı sədrinin, kimi icra hakimiyyəti başçısının, kimi bələdiyyə sədrinin, kimi milli mentalitetin, kimi türkün, kimi talışın, kimi Şah İsmayılın, kimi Babəkin, kimi ailənin, kimi millətin, kimi dövlətin, kimi tikintinin, kimi bostanın qoruyucusudur. Kimisə, nəyisə qorumaq, hər zaman əks tərəfdən gələn hərəkəti durdurmaq məqsədi ilə passiv gözləməkdir. Yəni qorumaq deyilən hərəkətsizliyin adı düşünmək mənasına gəlməz. Necə ki, Antik dövrün filosoflarından Anarxasis demişdi: “Ağıllılar səbəblər barədə mübahisə edərkən, axmaqlar artıq qərar verirlər”. Qorumaq da zəruri davranışdır, ancaq hamının qoruyucuya çevrildiyi bir məmləkətdə hərəkət olmur, düşüncə olmur, hamı hərəkəti, düşüncəni boğmaq üçün marıqda ovunu gözləməklə məşğul olur. Nobel mükafatı laueratı olan məşhur fizik Miçio Kaku haqlı olaraq yazır ki: “XXI əsrdə yaşamaq əvəzinə, min il geriyə qayıdıb XI əsrdə yaşamağı üstün tutan islamçı terrorçuların öz bəyanatlarına əsasən demək olar ki, onlar elmi, şəxsi münasibətləri və siyasəti sərt dini nəzarətdə saxlayan teokratik dövrdə yaşamaq istəyirlər”.

Dəyərləri təqlid edərək yaşamaq, hələ onu düşüncə, fikir sistemində mənimsəmək anlamına gəlməz. Bir vaxtlar çılğın millətsevər irlandlar haqqında deyilirdi ki, bu adamlar nə istədiklərini bilməzlər, ancaq istədiklərini şiddətlə istərlər. Biz də istədiyimizin nə olduğunu biləcək və bunu davamlı istəyəcək bir toplum axtarışındayıq. Eyni zamanda sevdiyim və hər zaman ömür yolunda tətbiq etdiyim ifadəni burada xatırlatmağa zərurət hiss edirəm: “Dəyişmək cəsarətin yoxdursa, müzakirəyə niyə qatılırsan?” Hansısa söhbət, hansısa kitab, hansısa film, hansısa bədbəxt və yaxud xoşbəxt sayılan hadisə mənim üçün bir dəyişim fürsətidir. Başqasının ağlının məhsulu səni dəyişmək gücündədirsə, inanc əxlaqının ehkamları artıq burada işləməz duruma düşür.

Etiraf edək ki, zaman aşırımında öz sabit xarakterini və doğru dəyərlərini müəyyənləşdirməmiş bir cəmiyyətik. Üstəlik də, ən çox qorxduğumuz şey varlığımıza, keçmişimizə, gələcəyimizə aid məsələlərin sağlam və səviyyəli müzakirəsinə başlamaqdır. Uzun illər tarix, din, milli xarakter, demokratik dövlət məsələləri müzakirə menyusundan çıxarıldığından, sanki mövzuya giriş üçün ipucunu da itirmişik. Gələcək barədə qafamızda sistemli düşündüyümüz heç bir proqram yoxdur və bu gedişlə olması da gözlənilən deyil. Məni statistik mənada maraqlandırmır ki, hansısa sahədə Azərbaycan dünyada neçənci yerdədir. Maraqlandıran və düşündürən bir şey var: Azərbaycan yerdədir və onu qaldırıb hərəkətə gətirmək lazımdır!

Bu səbəbdən də biz tarixdən nə istədiyini bilməyən bir toplumda Türk dünyası ifadəsi əvəzinə "dünyada yaşayan türklər" ifadəsini işlətməyə üstünlük veririk. Biz İslam dünyası ifadəsi əvəzinə "dünyada yaşayan müsəlmanlar" deyirik. Günümüzün gerçəkliyində ingilis dünyası, yəhudi dünyası, amerikan dünyası, yapon dünyası, çinli dünyası var, bizlər isə onların yönləndirdikləri dünyada yaşayanlarıq. Ona görə də, nə Türk, nə də İslam dünyası deyilən bir anlayış hələ ki, özünə həqiqi beynəlxalq pasport ala bilmir. Öz ağlı ilə dünyanı yönləndirən türk və ya müsəlman haradadır? Zaman fərqli dillərdə fərqli adlarla tələffüz edilən Yaradana aiddir, onsuz da bütün qövmlər onunla ayaqlaşmaq şansına malik deyil. Söhbət hazırda yaşadığımız vaxtdan, çağdan gedirsə, əlbəttə, onun xeyli gerisindəyik, çünki yanlış istilahlarımızı dəyişmək üçün tənqidi təfəkkürü yaxına buraxmırıq, tənqid edəni dərhal İslam adına, yaxud da dövlət adına susdururuq, yandırırıq, edam edirik. Son 4-5 əsrdə fəlsəfi mətnləri ilə dünyanı heyrətləndirəcək neçə türk mütəfəkkirinin adını çəkə bilirik?.. Volteri, Dekartı, Leybnitsi, Spinozanı, Kantı, Hegeli, Plankı, Eynşteyni, Feynmanı* və yüzlərcə bu kimi zəkanı yetişdirməyən toplumlar böyüklüyə iddia haqqına sahibdirmi?

İlk növbədə anlaşılmalıdır ki, bizim yanlış dini dünyagörüşümüz tərəqqimizə manedir, onu tənqidi təfəkkürün süzgəcindən keçirə bilmirik. Fikir, düşüncə və yaradıcılıq mənasında geriliyimizin səbəblərini illərdir araşdırdığımızda iki başlıca amilin təsiredici izlərini görürük: yanlış din şüuru və yanlış tarix şüuru. Bu iki natamamlığımız tarix zamanı boyunca ictimai tərəqqiyə doğru istiqamət götürməyimizi əngəllədiyi kimi, gələcəkdə də bizləri amansızcasına təqib edəcək, müasir formamızın içində dəyişməz bir geriçilik aurası hər zaman başımızın üzərindən qara bulud kimi asılı qalacaqdır. İslam dininin faydalı ehkamlarını İran və yaxud Ərəb dininin cəhaləti əvəz etmiş, “azərbaycanlı” kodu altında türk kimliyini dar bir coğrafi və düşüncə ərazisi ilə məhdudlaşdırmış xalqımızın, millətimizin, cəmiyyəti¬mizin gələcək hədəflərini, düşmənə qarşı müqavimət duyğusunu formalaşdıracaq dövlət müəssisəsindən başqa, ortada əlahiddə bir dəyəri demək olar ki, yoxdur.

Təhsil metodikamız yanlışlarla doludur; bu dünyadan axirətə keçidimizin əxlaq konsepsiyasını doğru təsəvvür edə bilmədiyimizə görə, çağımızın faydalı insanına çevrilə bilmirik. Fikrimcə çağdaş aydının əsl vəzifəsi, ölkənin daxili və xarici problemlərinin çö¬zülməsi yollarını araşdırmaqdan daha çox, tarixi sorğulamaq olmalıdır. Çünki məhz tarix üzərindən ideoloji yükü atan, milli adı ilə kodlaşdırılan dəyərləri çağdaş proseslərlə rəqabətə yönəldən aydın obrazına ehtiyac vardır. Millətimizin milli dəyərlər sferasında üzə çıxan çatışmazlıqların əsas səbəblərindən biri də aydın kəsiminin bilgisizliyi, xaraktersizliyi və millətin dərin qatlarından uzaq düşməsidir. Bunun doğurduğu arzuolunmaz sonucları isə yaxın tarixlərdə daha dəqiq hiss edəcəyik. Unutmayaq ki, XIX əsrin sonlarında və XX əsrin əvvəllərində məhz Azərbaycan aydınlarının diriliş prosesinin başlanması ilə 1918-1920-ci illərdə yeni bir dövlət müəssisəmizi ortaya qoya bilmişik.

Ümumiyyətlə, hazırda haqq dünyasında olan hansısa tarixi şəxsiyyəti hədəf və ya ittiham subyektinə çevirməyi məqbul saymıram. Əsas problemimiz özümüzü onların dünyasından qopara bilməməklə bağlıdır. İndiki dönəmin bir müsəlmanının Məhəmməd Peyğəmbərin öz əmisi oğlu Əbu Ləhəbdən qisası barədə düşünməsi belə nadanlıqdır. Müşrik deyilən kəsimin lideri Əbu Sufyanı Müsəlmanların Peyğəmbəri dərhal bağışlayıb, ərəblər bağışlayıb; amma 1991-ci ildə dövlət müstəqilliyini qazanmış Azərbaycan Respublikasının bir sıra vətəndaşları hələ də onun Hz. Məhəmməd və ya Əli ibn Əbu Taliblə rəqabətini bağışlamayıb. Hz. Məhəmmədin Bəni-Nadir adlanan yəhudi tayfası ilə Mədinədə savaşını çağdaş yəhudilərlə məmnuniyyətlə təkrarlamaq istəyən xeyli insan yığını var. Əli ibn Əbu Talib - Aişə, Əli ibn Əbu Talib – Müaviyə, Hüseyn-Yezid mübarizəsini XXI əsrdə hər gün şüurunda canlandıranların demək olar heç biri də ərəb qövmünə aid deyil. Nə yazıqlar ki, onların böyük əksəriyyəti bizim dosdoğma türklərdir... İslam dini imkan verir ki, bütün bunları keçmişdə buraxasan, Allaha həvalə edəsən, günün şərtlərində faydalı işlər görərək insanlığa töfhə verəsən. Əvəzində sarsılmaz əqidə kimi keçmişdə uyumaq yolunu seçən müsəlman güruhunu görəndə yaxın çağlarda nələrinsə dəyişməsinin mümkünsüzlüyünü düşünürsən. Peyğmbər də haqq dünyasındadır, Ömər, Əli , Hüseyn də, Yezid də. Teymur da haqq dünyasındadır, Bəyazid də, Şah İsmayıl da, Sultan Səlim də... “Şah Abbası taxtda, Nadiri qundaqda görənlər”dən də kimsə bu dünyada deyil... Artıq bu günümüzdə, yəni indiki zamanda adamların qoyub getdikləri mirasa baxarlar, faydalıdırsa, xeyirlidisə, günümüzün insanlarının dəyərləndirməsinə yönəldərlər. Bu səbəbdən də bütün ölüb getmiş tarixi şəxsiyyətlərin günümüzdə rolunu yanlış, ideoloji zəmində təqdim edən az-çox düşünmə qabiliyyəti olan müasirlərimi yalnız qınamaqla kifayətlənmirəm, həm də ittiham edirəm.

Millilik etiketi yapışdırdığımız dəyərləri bu gün davam və ya ləğv edərkən haraya gedib çatmaq istəyimiz özümüzə də müəmmalıdır. Deyək ki, milli kültürü yenilədik! O zaman bu kültürün ayrılmaz bir ünsürü olan və farsların əsrlərdən bəri bizi gerçək İslam anlayışından uzaq tutduğu şiəliyimi yenidən təftiş edəcəksiniz? Yaxud da yeni-yeni məişətimizə İslam adı ilə fərqli formalarda yerləşdirilən ərəb sünniliyinimi təftiş edəcəksiniz? Müasir çağda sürətlə yayğınlaşan türk təriqətçiliyində və ya sufi ənənlərindəmi düzəliş edəcəksiniz? Bu günədək mənəvi təsirindən qurtara bilmədiyimiz Şah İsmayılın məzhəbçi, təriqətçi dövlət anlayışınımı yeniləyəcəksiniz? Hansı milli dövlətin ənənəsini davam etdirəcəksiniz- XVIII yüzilin geriçi-feodal xanlıqlarınımı? Bu səbəbə görə Azərbaycan türklərinin bugünkü nəsli məfhumların yenilənməsi də daxil olmaqla, hər şeyə yenidən başlamalıdır. Millilik forma ilə deyil, ruhla ortaya qoyulur. Bu gün kimsədən bəlkə də milli kültürümüzün tələbi sayılan paçası geniş şalvar geyməyi və ya belinə igidlik simvolu sayılan qılınc taxmağı tələb edə bilmərik. Milli dəyərləri də hər zaman sivilizasiya anlayışı içində ələ almaq məqsədəuyğundur. Əslində, yeni nəsil yaratmaq fikri də məntiqli sayılmaz. Ən doğru olan seleksiya yolu ilə aparılan tədqiqatlarda üzə çıxmışdır. Məhsuldarlığı azalan paxlalılar sinfindən olan bitkilərin cinslərinin köhnə halına və gücünə qovuşması üçün eyni toxumu təkrar-təkrar yetişdirməyə çalışırlar. Bir neçə ildən sonra ilk halındakını xatırladan paxla qarşımıza çıxar. Toplum içində ən dəyərli olanı mövcud nəslin kökünə döndərilərək oradan qazandığı enerji ilə ortaya qoyulan nəsildir. Başqa yerdən yeni insanlar gətirmək mümkün deyildir. Yeni insanı da kökündəki enerjiyə qovuşdurmaqla daha güclü etmək mümkündür.

Tarixdə nə olub-bitibsə, bunu elə orada da dondurmaq lazımdır. Sadəcə, bu günümüzün insanları tarixdə bəzi olub-bitənləri gələcəyimizin təməli kimi göstərməyə çalışanda, öz ölkəsinin gələcəyinə laqeyd olmayan bir insan kimi etirazımı ortaya qoyuram. Mənə görə, İsmayılın sufiliyindən önəməsəniləcək özəl bir dəyər yoxdur. Xətai irsinin çağdaş Azərbaycanımız üçün bir ədəbi dəyəri var, o da, əsasən şeirlərinin dili ilə bağlıdır. Xətainin poetik dili, üslubu Azərbaycan türkcəsinə ciddi töhfə verib. Şah İsmayılın öz dönəmi üçün zəruri sayılmış düşüncə sistemi isə bu gün, dünyəvi Azərbaycanın deyil, teokratik-məzhəbçi İranın istifadə etdiyi irsə çevrilib.

Baxın, müstəqil Azərbaycan dövlətinin bu gün ən əsas dəyərlərindən, tanınma obrazlarından biri tolerantlıqdır. İsmayıl Şahda bu tolerantlığın zərrə qədər bir əlamətini görmək mümkündürmü? Təbrizə daxil olur və öz müəlliflərinin verdiyi bilgilərə görə iyirmi min türk-müsəlmanı onun məzhəbindən olmadığına görə qılıncdan keçirir. Türk Şeybanı xanın kəllə sümüyündən şərab qədəhi düzəldib içməklə hirsini soyudur, Əbu Hənifə kimi ən nəhəng və prinsipial İslam aliminin qəbrini ayaqyoluna çevirir, Şirvanşah Xəlilullahın sümüyünü qəbirdən çıxarıb yandırır, məzhəbinə uyğun gəlməyən bütün Dədə Qorqud mədəniyyətinin nümunəsi olan əsərləri məhv edir və sair, və ilaxır. Şahın bu yadfikirliliyə qənim kəsilən davranışlarının müzakirə olunması əvəzinə, guya “Azərbaycan dövlətini birləşdirdi”, “Azərbaycan dilini dövlət dili elan etdi”, “14 ölkə işğal etdi” kimi elmi və faktoloji əsası olmayan tezisləri qabardaraq tarixi qəhrəman obrazını yaratmağa çalışırlar.

Müstəqil dövlət yaradana qədər Sovet İmperiyasının qarşısında bizim tarixi dövlətimiz, tarixi qəhrəmanımız olduğunu qabartmaq məqsədilə belə obrazları ideala çevirmək anlaşılan bir davranış sayıla bilərdi. Müstəqil dövlət qurulana qədər simvollaşdırılan dəyərlərlə müstəqillikdən sonrakı dəyərlər arasındakı sərhədi dəqiq müəyyənləşdirmək zorundayıq. Müstəqil dövlət qurulana qədər hansısa gopçuluğu, mifik qəhrəmanları, acıları, tarixi savaşları önə çıxarıb millətdə əsas davaya yönəlik bir səfərbərlik duyğusu yaratmaq bəlkə də qaçılmaz addımlardan biri sayıla bilərdi. Bunları da dozasından artıq etdiyimizə görə bu gün insanımıza dünənin nağıl qəhrəmanının qaranlıq dünyaya eniş səhnəsini unutdurub, onu işıqlı dünyaya çıxış yollarını aramağa yönləndirə bilmirik. Müstəqilliyə qovuşduqdan sonra isə mövcud dünyəvi dövlətimizin alt yapısına və xalqımız üçün çağdaş dəyərlər yaratmış qəhrəmanlara dönməliyik. O qəhrəmanlar ki, bu gün onların dəyərlərini yaşatmaqdan qürur duyuruq. Bunların da başında heç şübhəsiz Mirzə Fətəli, Həsən bəy Zərdabi, , Əlimərdan bəy Topçubaşı, Məhəmmədəmin Rəsulzadə, Əli bəy Hüseynzadə, Üzeyir bəy Hacıbəyli, Nəsibbəy Yusifbəyli, “DİFAHİ” qurucuları və onlarla digər böyük şəxsiyyətlər gəlir.

Bu millətin tarixində həm də bir Nadir Şah fenomeni olub. O, Nadirqulu adının qul missiyası çərçivəsindən çıxaraq indiyədək heç bir türk hökmdarının və müsəlman hakiminin etməyə cəsarət və ağıl göstərə bilmədiyi tarixi bir islahat sənədinə imza atıb: İslam aləminin məzhəb xəstəliyinə son vermək üçün həyatı bahasına böyük bir mücadiləyə qərar verib. Bu tariximizdə müstəsna bir haldır, müstəsna dəyərdir. Yoxsa Nadir Şah neçə min kvadrat kilometr. ərazi tutub, ya Hindistandan hansı cəvahiratı gətirib, ya saray intriqalarına uyaraq öğlunun gözünə mil çəkdirib – bunlar hamısı bizim cahil kəsimin dedi-qodu mövzularından başqa bir işə yaramaz. Necə ki, bir ağıllı fransız Napoleonun yüzlərlə gənc əsgərin qanı bahasına əldə etdiyi hərbi qələbələrlə, yaxud onun Misir ehramları qarşısındakı bəlağətli nitqi ilə, Jozefina və ya Elba məcaraları ilə sərməst olmaz; ancaq onun 1804-cü ildə dövrün bilgə hüquqçularını bir araya gətirərək hazırlatdığı, bəşəriyyət üçün böyük dəyərə sahib “Mülki Məcəllə”si ilə qürur duyar. Romanın apardığı yüzlərlə hərbi əməliyyat deyil, hələ də güncəlliyini qoruyan “Roma hüququ” dəyərdir. Yunanların apardığı savaşlar, yaratdığı cah-cəlallar deyil, yunan fəlsəfi irsi yalnız yunanlar üçün deyil, bütün insanlıq üçün əvəzolunmaz dəyərdir. Osmanlının isə üç qitədə hökmran olması, sultanların hərəmxana statistikası bugünkü türkün qürur duyacağı bir şey ola bilməz.

Eləcə də bioloji mənada İsmayılla Səlimin hər ikisi doğmadır, çünki hər ikisi türkdür, lakin vizyon mənasında müqayisəni hökmdarlar obrazında deyil, dövlətlər obrazında aparmağa üstünlük verərdim. Diqqət yetirin, Osmanlının yekunu çağdaş Türkiyə Cümhuriyyətidir! Bu günkü çağdaş Azərbaycan Cümhuriyyəti isə Səfəvilərin yekunu deyil! Səfəvilərin yekunu isə hər yönü ilə geriçi İran İslam Cümhuriyyətidir. Biz, taleyimizi müsbət mənada dəyişmiş 1828-ci ildə bağlanan Türkmənçay müqaviləsinin yekunuyuq. Yəni aydınlıq tariximizin özəti belədir: millətimizin kiçik bir hissəsi İran-Səfəvi-Qacar dini-ideoloji cəhalət bataqlığından xilas olaraq Rusiya müstəmləkəçiliyinə keçmiş, əlverişli tarixi şəraitdə bu müstəmləkəçilikdən qurtularaq öz milli identifikasıyasına əsaslanan çağdaş Azərbaycan Cümhuriyyətini yaradıb.

Dəyişməyən ideoloji tarix anlayışı, habelə ideoloji din anlayışı bizim Çağdaşlıq tunelinə girişimizi əngəlləməkdədir. Bizi ideologiyaların deyil, sadəcə ağlın idarə etdiyi bir yol gözləyir. Hansı ki, o ağlı ingilis, yəhudi, yapon, çinli, amerikalı, alman əlçatmaz bir nəsnə kimi bizə göstərirlər. Ağıl isə çox sadədir və qaranlıq keçmişindən uzaqlaşmağa qərar verən hər bir fərd və hər bir xalq üçün sübh Günəşi kimi özlüyündən və anidən doğar. Bu Günəşi salamlamaq üçün xalqın yanında deyil, xalqdan yana olmaq, xalqın faydasına olanları cəsarətlə və dürüstcəsinə ortaya qoymaq hər bir ziyalının mənəvi məsuliyyəti olmalıdır.

Fazil Mustafa,

millət vəkili