"Saat 18:00-dan sonra xəstə əməliyyat etmək həkimlərə qadağan olunmalıdır" - Deputat

"Özəl tibb müəssisələrində bir çox həkimlər 18:00-a qədər xəstə qəbul edir, 18:00-dan sonra isə əməliyyat icra edirlər. İnsan 8 saatdan çox işləyəndə yorulur və səhv etmək ehtimalı çoxalır. Ona görə də iş vaxtından sonra əməliyyat vacib olduğu təqdirdə icra edilməlidir. Çünki həkimlər bütün əməliyyatları, demək olar ki, sözügedən vaxtdan sonraya salırlar. Bu, qadağan olunmalıdır".
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bugünkü iclasında deputat Qüdrət Həsənquliyev deyib.
Deputat daha sonra təkliflə çıxış edib:
"İcbari tibbi sığortaya keçiddən sonra həkimlərə deyirlər ki, hansı xəstəlikdən şübhələnirsinizsə, xəstəni müayinəyə o xəstəliyə əsasən göndərin. Lakin həkim bir neçə xəstəlikdən şübhələnə bilər. Belə olan halda, xəstənin vaxtı alınır. Çünki həkimin şübhələndiyi xəstəlik çıxmırsa, o məcbur yenidən müayinəyə getməlidir. Bu barədə də düşünmək lazımdır".
"Digər məsələ isə vəsaitlə bağlıdır. Bir xəstəni müayinə etmək qarşılığında həkimə sığorta pulundan 2.7 manat vəsait qalır. Həkimlər də bundan gileylənirlər ki, əziyyətləri yerdə qalır. Bu məsələni də diqqətdə saxlamaq lazımdır", - deyə Q.Həsənquliyev fikrini yekunlaşdırıb (oxu.az).