Bir torpaq sahəsinə iki çıxarış necə verilib? - AÇIQLAMA

 14:42 27.05.2025     114

"Rəsmi çıxarışın fərqli şəxslərə verilməsi kimi hallar demək olar ki, baş vermir. Hər 10 000–100 000 halların birində, nadir hallarda rast gəlinir. Ona görə daşınmaz əmlakın dövlət reyestri elektron qaydada fəaliyyət göstərir".

Bu barədə Redaktor.az-a açıqlamasında daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov Bakının Məmmədli kəndində yeni massivdən alınan 2 sot torpağın çıxarışının iki fərqli şəxsə verilməsindən danışarkən bildirdi.

"Orada insan faktoru yoxdur ki, hər hansı bir yanlışlıq baş versin. Ola bilər, bu, sistemlə bağlı olub və ya sənədlər bir-birinə qarışıb. Bu, kütləvi hal deyil. Çıxarış da zarafat deyil. Xüsusilə torpaq sahəsidirsə, torpaq koordinatlar əsasında verilir. Ehtimal var ki, koordinatlar üst-üstə düşüb. Hüquqlar torpağın sənədində ilk mülkiyyət əldə edən şəxsin adınadır. İkinci isə zərərçəkəndir. Həmçinin o torpağın tarixçəsinə baxmaq lazımdır. Yəqin ki, torpaq əvvəl böyük bir ərazi olub, sonradan hissələrə bölünüb və satılıb", - deyə ekspert qeyd etdi.

Xədicə BAXIŞLI