Azərbaycanın ən hündürdə yerləşən aeroportu... - FOTO

Xəbər verdiyimiz kimi, bu gün Laçın Beynəlxalq Hava Limanının açılışı olub.
Redaktor.az xəbər verir ki, açılışda Azərbaycan Prezidenti İlham Əliyevlə birgə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edib.
Mürəkkəb dağlıq relyefdə yerləşən Laçın Beynəlxalq Hava Limanı işğaldan azad olunmuş ərazilərdə inşa edilən üçüncü beynəlxalq hava limanıdır.
Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi ilə Azərbaycanın beynəlxalq hava limanlarının sayı doqquza çatıb.
Tikintisinə 2021-ci ilin avqust ayında başlanılmış bu mühüm infrastruktur obyektinin inşası ən yüksək texnoloji və mühəndislik standartlarına uyğun həyata keçirilib.
Hava limanında istənilən tip hava gəmisinin qəbuluna imkan verən, uzunluğu 3 min, eni isə 60 metr olan uçuş-enmə zolağı inşa edilib. Beş min kvadratmetrlik terminal binası saatda ən azı 200 sərnişinə xidmət göstərmək imkanına malikdir. Terminalda sərnişinlərin rahatlığı üçün VIP zal, qeydiyyat və təhlükəsizlik sistemləri, baqaj konveyerləri, ticarət obyektləri və iaşə zonaları nəzərdə tutulub.
Tam avtomatlaşdırılmış sistemlərlə təchiz olunmuş Hava Hərəkətini İdarəetmə Qülləsi uçuşların beynəlxalq normalara və təhlükəsizlik standartlarına uyğun şəkildə idarə olunmasını təmin edir. Burada yaradılmış infrastruktur ICAO və IATA standartlarına uyğun olaraq uçuşların təhlükəsiz və səmərəli şəkildə həyata keçirilməsinə imkan verir.
Laçın rayonunun Qorçu kəndində dəniz səviyyəsindən 1700 metr hündürlükdə yerləşən hava limanının ümumi ərazisi 130 hektardan çoxdur. Bu hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportudur. Laçın şəhərindən 30 kilometr, Şuşadan 70 kilometr, Kəlbəcərdən isə 60 kilometr məsafədə yerləşən hava limanı Qarabağ və Şərqi Zəngəzur regionlarının nəqliyyat əlaqələrinin gücləndirilməsində mühüm rol oynayacaq.
Bundan başqa, bu mühüm nəqliyyat layihəsinin icrası ümumilikdə bölgənin turizm potensialının inkişafına da geniş imkanlar yaradacaq. Coğrafi mövqeyi və əlçatanlığı ilə bu hava limanı bölgənin iqtisadi, sosial və logistik inteqrasiyasını dəstəkləyən əsas nəqliyyat mərkəzinə çevriləcək.
Qeyd edək ki, hava limanının təməli 2021-ci ildə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulub. Ötən müddət ərzində dövlətimizin başçısı və birinci xanım bir neçə dəfə burada tikinti işlərinin gedişi ilə tanış olublar (Qafqazinfo).