Köç karvanı Bəylik kəndinə çatdı, evlərin açarları təqdim edildi - FOTO - YENİLƏNİB

Mayın 29-da doğma yurduna yola salınan köç karvanı Laçın rayonunun Bəylik kəndinə çatıb.
Redaktor.az xəbər verir ki, bu mərhələdə köçürülən 163 nəfərdən ibarət 41 ailəyə yeni tikilmiş fərdi yaşayış evlərinin açarları təqdim edilib.
Mərasimdə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 43 mindən çox insan yaşayır.
09:00
***
Bu gün Laçının Bəylik kəndinə növbəti köç karvanı yola salınıb.
Redaktor.az xəbər verir ki, bu gün 41 ailə (163 nəfər) Bəylik kəndinə köçürülür.
Keçmiş məcburi köçkünlər köçlə bağlı öz ürək sözlərini belə ifadə ediblər:
“33 yaşında çıxmışdım Bəylikdən. İndi övladlarımla qayıdıram. Oranın hər daşı, hər qayası mənə əzizdir. Qayıdıb doğma yurdumda yaşamaq istəyirəm. Allah prezidentimizə can sağlığı versin.”, - Quliyeva Xatirə.
“Bundan gözəl nə ola bilər? Həsrət qaldığımız yurdumuza qayıdırıq. 3 ildir Laçına gedib gəlirdik. Bu gün isə qismət oldu və öz evimiz bizə verildi”, - Həsənova Familə.
“Allah şəhidlərimizə rəhmət eləsin. Onların sayəsində el-obamıza qayıdırıq.”, - Rzayev Umud.
“Çox sevincliyəm. Öz doğma yurdumda yaşayacam. Oranı təzədən quracağıq.”, - Rzayeva Nazifə.
“Allah Prezidentimizi qorusun. Onun dəmir yumruğu bizim intiqamımızı aldı, bizi evimizə qaytardı. Bu günə çox şükürlər olsun.”, - Abışova Qəndab.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən ümumilikdə, 43 mindən çox insan yaşayır (APA).