"Bu dəfə əsgər yox, idmançı..." - Zahid Oruc millimizin çempionluğundan YAZDI

 03:14 02.06.2025     209

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatına bu gün yekun vuruldu. Turnirin finalında Azərbaycan komandası qalib gələrək dünya çempionu oldu.

Bu iki sadə cümlənin içində böyük bir dövrün mənası, tarixi qiyməti və açar sözləri gizlənir. Əslində haqqında danışdığımız bu idman qələbəsi nə qədər "mini" ola bilər ki, əgər o, Azərbaycanın adını dünya çempionları sırasında yazdırırsa?

Bəs bu uğuru, yaxın keçmişdə əldə etdiyimiz tarixi Zəfərin – 44 günlük müharibədəki qələbənin – davamı kimi qiymətləndirsək necə? Əgər meydan fərq etmədən – istər Qarabağda səngərdə, istərsə də Bakıda idman arenalarında – gənclərimizin bayraq uğrunda mübarizəsi eyni ruhu daşıyırsa, o zaman bugünkü zəfər də bir dastandır. O dastanı yazanlar isə öz bayraqlarına bürünüb vahid məqsədə səfərbər olmuş gənclərdir.

Milli Gimnastika Arenasında quraşdırılan nəhəng posterdə əks olunan Müzəffər Ali Baş Komandan İlham Əliyevin başladığı Zəfər yolunun simvolik davamını gördük. Bu dəfə səngər yox, meydan; silah yox, top; əsgər yox, idmançı... Amma amal eyni: qalib gəlmək! Və bu şanlı günün – 1 iyun, Uşaqların Beynəlxalq Müdafiəsi Gününə təsadüf etməsi isə xüsusi rəmzi mənaya malikdir. Gələcəyimizin qəhrəmanları, öz örnəklərini artıq bu meydanlardan seçirlər.

Artıq “Azərbaycan idman ölkəsidir” deməklə kifayətlənmirik. Biz fəxrlə deyirik: Azərbaycan qalibiyyətlər ölkəsidir. Bu uğurlar təkcə meydandakı oyunun deyil, dövlət qayğısının, məqsədyönlü strategiyanın, vətənpərvərliyin nəticəsidir. Minifutbol Federasiyasının rəhbəri Orxan Məmmədovun bu sahəyə verdiyi töhfə, idmana göstərilən yüksək diqqət və sevgi bu tarixi anın başlıca amillərindəndir.

Bu gün Azərbaycanın balaca fidanlarına verilən ən gözəl hədiyyə, Şuşa zirvəsində dalğalanan bayrağın bu dəfə Bakı zirvəsində bir daha ucaldılmasıdır.

Çünki bütün qalibiyyətlər tarixə yazılır. Və biz nə xoşbəxt xalqıq ki, Zəfər təqvimimiz hər gün bir yeni səhifə ilə zənginləşir.

Zahid ORUC,

millət vəkili

2