"Göllərə çirkab suların axıdılması balıqların kütləvi ölümünə səbəb ola bilər" - Ekoloq

 18:09 04.06.2025     139

Abşeron rayonunun Məhəmmədi kəndində yerləşən göldə balıqların kütləvi ölümü hadisəsi baş verib. Hazırda müvafiq dövlət qurumları bununla bağlı araşdırma aparır. 

Məsələ ilə bağlı Redaktor.az saytına açıqlamasında ekoloq Qorxmaz İbrahimli bildirdi ki, bu hallar zəhərli maddələrin gölə buraxılması ilə bağlı ola bilər.

"Belə ki, bəzi hallarda balıq ovlayanlar, xüsusilə də qaçaq ovçular, suya zəhərli maddələr ataraq yalnız lazım olan balıqları götürür, qalanları isə tələf olur. Bundan başqa, göllərə çirkab suların axıdılması da bu kimi hallara səbəb ola bilər. Məncə, laboratoriya nəticələri bu məsələyə daha düzgün və obyektiv aydınlıq gətirə bilər. Çünki məhz o zaman səbəb tam dəqiqliyi ilə bəlli olar – nə baş verib və necə baş verib. Normal, təbii yolla qidalanan göllərdə balıqların kütləvi şəkildə ölməsi mümkün deyil. Belə hallar yalnız bir səbəbdən – suya zəhərli maddələrin atılması ilə baş verə bilər. Hər hansı bir şəxs – mən bunu cinayətkar adlandırıram, - bu cür hərəkətlə cinayət törətmiş ola bilər. Digər tərəfdən, su hövzələrinə axıdılan kimyəvi tullantılar və çirkab sular da balıqların zəhərlənməsinə və nəticədə kütləvi ölümünə səbəb ola bilər",- deyə ekoloq vurğuladı.

Xədicə BAXIŞLI