"Bəlkə təyyarədə kül olub yerə töküləcək, heç o məzar da ona nəsib olmayacaq" - İlahiyyatçıdan meyxanaçıya

Meyxana ustadı Ağamirzə Məmmədov özünə ata və anasının məzarının yanında qəbir qazdırdığını bildirib. O, deyib ki, hər dəfə gedib boş qəbrinə baxıb öz-özüylə söhbət edir, heç kimin qəlbinə dəyməməyə çalışır.
Bəs görən insanın ölmədən öncə özünə qəbir qazdırması dinimizdə varmı?
Redaktor.az-ın sualını cavablandıran ilahiyyatçı Tural İrfan dinimizdə əvvəlcədən insanın özünə məzar hazırlatması ənənəsinin olmadığını bildirdi:
"Hətta Peyğəmbərlərin özü də belə iş görməyiblər. Lakin bu qadağan da deyil. Müəyyən zəruri və istisna hallarda məqbul sayıla bilər. Belə ki, insan dəqiq bilsə ki, o öləndən sonra onu dəfn etmək üçün yer tapılmayacaq, yaxud onu dəfn edən olmayacaq, o zaman özünə məzar hazırlaya və dəfn xərcləri üçün adam tuta, əvvəlcədən ona ödəniş edə bilər. Bir də əgər o məzar insan və cəmiyyət üçün müsbət örnək xarakteri daşıyarsa, ibrət üçün caizdir".
T.İrfan deyib ki, bəzən elə olur ki, ölən insana heç məzar da qismət olmur:
"Fəqət bunu adət və ənənə halına salmaq olmaz. Çünki heç kəs harada və nə zaman öləcəyini bilmir. Bəlkə təyyarədə kül olub yerə töküləcək, heç o məzar da ona nəsib olmayacaq. Yaxud dənizdə boğulub itəcək, yenə də o məzar ona nəsib olmayacaq. Hər kəsin axır aqibətini bilən yalnız Allahdır. Yəni, ümumiyyətlə əvvəlcədən özünə məzar qazdırmaq dini cəhətdən qadağan olmasa da uyğun da deyil. Çünki belə bir göstəriş, buyruq yoxdur. Hər kəsin özünə xas məntiqi, düşüncəsi var. Hər kəs öz şəxsi mülahizəsinə görə hərəkət etsə, din və şəriət qaydaları təhrif olunar. Biri məzar qazdırır, biri kostyumda dəfn olunmasını vəsiyyət edir, digəri musiqi alətini yanında basdırılmasını istəyir və sair. Belə olmaz. Dinimizin hamı üçün qəbul etdiyi meyarlar var. Gərək təkcə özünü düşünməyəsən. Din hər kəsin öz istək və arzularına görə deyil. Heç İmamlar, Peyğəmbərlər də ölməmişdən özlərinə məzar qazdırmayıb".
Vasif ƏLİHÜSEYN