"Qoyun-qoç kəsməklə iş bitməz" - Millət vəkili

 11:24 06.06.2025     236

Hər bayram sevindirir. 
Hər bayramın öz tarixi,  sevinclərini yaradan öz səbəbləri var. 
Ancaq hər bir bayram həm də düşündürür və bəlkə də sevincdən daha artıq məhz düşündürməlidir.
Əziz bayramımız gəlib - Qurbandır. 

Bu günlər yalnız  təqvimlərimizdə qırmızı rəngə boyandığından deyil, istisnasız olaraq hər kəsə daxildən gələn izahsız fərəh, ruh yüksəkliyi, xoş ovqat bağışladığından sevimlidir, əzizdir, sayı bilinməyəcək qədər insanı belə işıqla doldura bildiyinə görə (bu sayaq həmahənglik və həmkönüllüksə, ancaq İlahi Qüdrətlə yarana bilər)  əlbəttə ki, müqəddəsdir.
Bu bayram yalnız qurban kəsməyin bayramı olsaydı, nə bu qədər yaşayardı, nə belə əziz olardı.
Hər bayramı yaşadan onun fəlsəfəsidir, o hikməti ya birbaşa, ya şüuraltı dərkedənlərdir və qalanlar da onlara qoşulur.
Bu bayram, qurban getməyə hazır olmağın, fədakarlığın, təmənnasız istəyin, mərhəmətin,  qəlb genişliyinin, saflığın,  içəridən gələn (nümayiş etdirilən deyil) səmimiyyətin bayramıdır.

Bütün bunları düşünməsən və bunlar fikrində, əməlində daim yer almasa, etdiyin qurban elə sadəcə, qoyun kəsmək, ya kəsdirməkdir, heç vəchlə aldadılabilməz Allaha öz aləmində kələk gəlmək, ya rüşvət təklif etmək təşəbbüsüdür.
Allah, yaxud onun adını tutaraq uzaq qədimlərdə bu bayramı ixtira edənlər, insanlığa o dərsi veriblər ki, sən, Savabı qabağa qoyunu verməklə yox, özünü bir məslək, amal, məqsəd, yurd, doğma insan... yolunda qurban verməyə qəlbən və tərəddüdsüz hazır olanda  qazanırsan, Allah da bunu görür, bu dürüstlüyünə görə də səni mükafatlandırır, qoruyur.
İl boyu yüz cür haqsızlıqlar edib Qurban bayramı günü bir sürü qoyun kəsdirmək yalnız hansısa imkanlının harın, bir daha özünün başqalarından artıq olmasını göstərmək istədiyi qəssablıq aktıdır (istisna etmirəm, ola da bilər ki, özü də yaxşı adamdır, bunu da edir, onda deməli, savabı da qat-qat artır).

Məgər hər qurban kəsdirənə boşunamı deyirik "Allah qəbul etsin"?!
Bu dua hər dəfə hər birimizi düşündürməlidir.
Axı son məqam - Qəbul Edən Odur.

Yerdəki hesabat qəbuledənlərdən fəqrli olaraqsa, Onu zahirən hər şeyin guya yerində olması, sayın, çəkinin düz gəlməsi, müxtəlif cür gözdən pədəasmalar, sözdə bir cür, işdə başqa cür olmalarla aldatmaq mümkünsüzdür.
O hər şeyi Görəndir və Biləndir.

Əslində, O Ali Münsif də səmada, məchul uzaqlarda deyil,  hər birimizin varlığındadır - Onu öz içimizdə, vicdanımızda arayaq.
Vicdanı elə O özü hər birimizin içərisinə Özüəvəzi təyin edib.
Biz Qarabağ savaşından muzdlu ordu ilə yox, hər an can qurban etməyə hazır olanların mərdliyi ilə qalib çıxdıq.
Qurban getməyə tərəddüdsüz hazır olub bunu şərəf sayanlarımızın olması sayəsində bütün milləti xoşbəxt edən Zəfər nəsibimiz oldu.
Düstur budur!
Orucluq ilin bəlli parçasında ac qalmaq deyil. Bu, uzaqbaşı pəhrizdir. Allah sadədil deyil! Orucumuzun Orda qəbul edilib savaba yazılmasını umuruqsa, yalnız məhdud bir müddətdə qidaya deyil, daim yalana, riyaya, saxtakarlığa, ədalətsizliyə, haqpozmaya, qəddarlığa, rüşvətə, xəyanətə... oruc  qalmalıyıq.

Qurban bayramımızın da qutlu olmağını diləyiriksə, qoyun-qoç kəsməklə iş bitməz. Gərək içərimizdəki başqa kəsilməliləri daha əvvəl kəsək - nifrəti, həsədi, qeybəti, rəzaləti və bütün belə-belə naqislikləri.
Qurban bayramı mahiyyəti, ruhu ilə insanları birləşdirən, məhrəmləşdirən, isinişdirən, daxilən təmizləyən bayramların, mənim nəzərimcə, ən üstünüdür.

Bu bayramın ən vacib ibrətlərindən biri də başqalarını da düşünmək, imkanı daha az olanların qeydinə qalmaq, varını paylaşmağı, bölüşməyi ləyaqətlə bacarmaq, köməyini, diqqətini sədəqə kimi deyil, qardaş payı, doğma ailə üzvünə çatdıran kimi verə bilmək vərdişini özünə aşılamaq fürsətidir.
Qurban Günlərinin dərsləri 3 gün yox, 365 gün bizimlə olsun!
Bayramınız mübarək, əziz vətəndaşlarımız!

Rafael Hüseyn, 

Milli Məclis sədrinin müavini