"Əsl İslamı bütün yönlərdən diri - diri ortadan iki parçaya böldülər"

"Özünü "şeyx" adlandıran və "əxilər" təşkilatının öndərlərindən sayılan, möminliyi saqqalın uzunluğu ilə ölçən biri camaata xitab edirdi ki, uşaqlarınızı dünyəvi elmlər öyrənməkdən çəkindirin. Bunu ona görə deyirdi ki, savadlı adama xurafat, mövhumat, cəhalət aşılamaq olmur, sorğulayır, düşünür, özü fikri olur, ağlını işlədir".
Redaktor.az xəbər verir ki, bunu ilahiyyatçı Tural İrfan deyib. Onun sözlərinə görə, amma savadsız, təhsilsiz birinin beynini asan yolla yemək olur.
Digər bir "əxi şeyxi" isə oturanda sol qulun üstünə söykənməyin necə böyük günah olduğu haqda moizə edirdi. Elə ciddi danışırdı ki, üstündən aylar, bəlkə də illər keçsə də hələ də o mövzu müzakirə olunur öz aralarında. Bir digəri isə dəstəmaz alanda deşik corabın üstünə məsh çəkmək haqda mövzu açıb uzun - uzun müzakirə aparırdı.
Guya vətənpərvərdirlər. Amma bircə şəhid dəfnində iştirak etməyiblər. Guya dövləti sevirlər, amma bircə şəhid ziyarətinə getməyiblər. Guya əməlisaleh adamlardır, amma sosial şəbəkələrdə söymədikləri söyüş yoxdur. Söyənləri bu çirkin əməldən çəkindirənləri də görmədik.
Dünyada "Vəhhabilik" kimi tanınan və qəbul olunan, özləri isə özlərini, İslamda belə bir təriqət olmadığı halda "Sələfi" adlandıran, lakin mahiyyətcə tarixdəki "Xəvaric" cərəyanının əqidəsini, prinspilərini özündə daşıyan bu qruplaşmalar digər müsəlmanları ya cahil ya - müşrik-kafir ya da bidət əhli deyə təsnif edirlər.
Halbuki bu, zənni yanıltmaq üçündür. Əslinə qalanda isə İslamdan əvvəlki cahiliyyə əqrəblərinin kobudluğunu, vəhşi ənənələrini, milli adətlərini "sünnət" adı ilə yaşayır və yaşadırlar. Əməvilər zamanında İslamın təhrif edilməsi prosesi dövrü yaşanıb. Əməvi zülmü və İslamı təhrif mərhələsi zamanı fars şüubiyyəsi də özünə yer etdi. Əməvi şovinizmindən istifadə edərək ona əks sistem, ideoloji yaratdılar. Biri ərəb şovinizminə, digəri də fars şovinizminə əsaslanan iki din meydana gətirildi. Əsl İslamı bütün yönlərdən diri - diri ortadan iki parçaya böldülər.
Allaha ərəb bütlərinə xas atributlar şamil etdilər. Onu taxtda oturan, iki qolu da sağda olan, qıvrımsaç, bir qədər də qəzəbli bir obrazda təqdim edir vəhhabi zehniyyəti. Qəbul etdikləri "hədislər"ə görə hətta Uca Yaradan səhərə yaxın dünya səmasına da enir. Sifətlər qondarıb bunu şəriksiz Allaha şəriklər qərar verdilər və belə olduğu halda başqa müsəlmanları müşrik elan etdilər. Halbuki araşdırılsa tam əksi ortaya çıxar.
HanSı təriqət, hansı cərəyan əgər elmdən uzaqlaşdırırsa, dünyəvi elmlərdən ikrah edirsə bilin ki, o cəmiyyəti zülmətə, vəhşiliyə çəkir".
Vasif ƏLİHÜSEYN