"Hər il doğum günündə onun sevdiyi yeməyi bişiririk" - İlhamın qardaşı

"Bu gün doğum günü münasibəti ilə İlham və Fərizənin məzarını ziyarət etdim. İlhamın doğum gününü hər il qeyd edirik. Onun ən sevdiyi yemək badımcan dolması idi. Ona görə də hər il onun doğum günündə sevdiyi yeməyi bişiririk".
Bunu Redaktor.az-a açıqlamasında 20 Yanvar şəhidi İlham Allahverdiyevin (İlham və Fərizə) qardaşı Elxan Allahverdiyev deyib.
O, bütün ömrünü İlham və Fərizənin adının yaşadılmasına həsr etdiyini bildirib:
"Bir arzum var və o da İlham və Fərizənin adının yaşadılmasıdır. Gənclərimiz xüsusən onları ziyarət edirlər və bu da bizə böyük təsəllidir. Bu günə kimi ancaq onların adının yaşadılması üçün çalışmışam, əlimizdən gəldiyi qədər işlər görmüşük. Bundan sonra da qalan ömrümü onlara həsr edəcəm. Allah cəmi şəhidlərimizi rəhmət eləsin!".
Qeyd edək ki, İlham Allahverdiyev 1962-ci il iyunun 12-də Bakı şəhərində anadan olub.
Vasif ƏLİHÜSEYN