"Məğlub ölkədə revanşistlərin mövqeyi daha da güclənə bilər"

 13:36 12.06.2025     154

Ermənistan regionda texnologiya yarışında ciddi bir addım atıb. “Firebird” adlı süni intellekt bulud şirkəti və Ermənistan hökuməti ABŞ-ın texnoloji nəhəngi NVIDIA ilə strateji əməkdaşlığa başlayıb. Bu əməkdaşlıq çərçivəsində 2026-cı ildə minlərlə NVIDIA Blackwell GPU-ları ilə təchiz olunan və 100 meqavatdan çox gücə malik Süni İntellekt Mərkəzi qurulacaq.

Tərəflər arasında bağlanmış müqavilənin ümumi dəyəri 500 milyon dollar təşkil edir. Müqavilə lisenziya, infrastruktur quruculuğu, qabaqcıl elmi-tədqiqat layihələrinin dəstəklənməsi və beynəlxalq universitetlərlə ortaq təşəbbüsləri əhatə edir.

Bu layihənin məqsədi Ermənistanı süni intellekt üzrə qabaqcıl mərkəzə çevirmək, yeni texnologiyalarla yerli iqtisadiyyatı canlandırmaq, innovasiya mühitini gücləndirmək və qlobal bazara çıxış üçün dayanıqlı platforma formalaşdırmaqdır.

NVIDIA-nın rəhbəri Jensen Huang, Ermənistanın Baş nazir Nikol Paşinyan və bu ölkədəki ABŞ səfiri layihəni yüksək dəyərləndiriblər

Düşünürəm ki , bütün bunlar Ermənistanın regional rəqabətdə önə çıxmaq cəhdini daha da gücləndirəcək.

Onlar bununla da ABŞ-də mövcud baryerləri aşaraq yüksək texnologiyalara birbaşa çıxış imkanı qazanacaqlar.

Dünya nəhəngi NVİDİA-nın da iştirakı ilə 500 milyonluq müqavilə ciddi hadisədir !

Fikrimcə Ermənistanın süni intellekt və yüksək hesablama sahəsində qabaqcıl infrastruktur qurması, regionda texnoloji liderlik uğrunda rəqabətdə Azərbaycanın geri qalmasına səbəb ola bilər.

NVIDIA kimi qlobal texnoloji liderlərlə birbaşa əməkdaşlıq qurulması Ermənistana strateji üstünlük verir və beynəlxalq texnologiya şəbəkələrinə daha tez inteqrasiya imkanı yaradır.

Bu təşəbbüs Ermənistanı investorlar, startaplar və beynəlxalq universitetlər üçün daha cəlbedici texnoloji mərkəzə çevirə bilər ki, bu da Azərbaycanın “rəqəmsal regional mərkəz” olmaq iddialarını zəiflədə bilər.

Texnologiyalar hesabına büdcəsini artırmaq imkanları əldə edən məğlub ölkədə revanşistlərin mövqeyi daha da güclənə bilər.

Fikrimcə biz Süni intellekt Strategiyasında nəzərdə tutulanların tez reallaşmasına diqqət yetirməliyik.

Hər iki Superkompüter Mərkəzlərini tezliklə istifadəyə verməliyik, süni intellekt sahəsi üzrə kadrların hazırlanmasını gücləndirməliyik.

Azərbaycan süni intellekt sahəsində real texnoloji tərəfdaşlarla əməkdaşlıq, yüksək səviyyəli infrastruktur və yerli ekosistemə geniş dəstək sahəsində səylərini çox gücləndirməlidir.

Osman Gündüz,

Azərbaycan İnternet Forumunun prezidenti