"Avtobus zolağında sərnişinlərin düşürülüb-mindirilməsi üçün şərait yaradılması mübət addımdır"

Avtobus zolaqlarında minik avtomobillərinin sərnişinləri mindirib-düşürməsi üçün xüsusi yerlər yaradılır. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Yenilik şəhərin nəqliyyat sisteminə necə təsir göstərəcək?
Redaktor.az-a danışan sosial məslələr üzrə ekspert İlqar Hüseynli bildirdi ki, bu məsələ uzun müddətdir ekspertlər tərəfindən gündəmə gətirilib.
"Çox əhəmiyyətli və vacib məsələdir. Çünki istənilən halda bütün nəqliyyat növləri sərnişinləri yolun sağ tərəf hissəsində düşürürlər. Bakı şəhərinin daxilində yol hərəkətinin sağını daha çox avtobus yolları zəbt etdiyinə görə həmin zolaqlara girmək digər nəqliyyat vasitələri üçün 100 manat cərimədir. Sərnişinlərin harada düşürülməsi problemi ciddi böhran yaratmışdı. Taksi və digər xidmətlər üçün bu problem idi. Bu çox normaldır. Hətta vaxtında atılmalı addımdır. Bizim təkliflər sırasında bu var idi ki, vaxt məhdudiyyəti tətbiq etməklə elə avtobus zolağının özündə sərnişinlərin düşürülüb-mindirilməsi üçün şərait yaradılsın".
Ekspert bildirdi ki, bu, çox müsbət addımdır.
"Artıq "Gənclik Mall"in qarşısında məntəqə yaradılıb. Ora gələn insanların düşürülüb-mindirilməsi üçün çox normal imkanlar yaradıb. Əks halda insanlar nə edirdi? Məcbur olub 2-ci zolaqda dayanırdılar. Nəqliyyat vasitələrinə narahatlıq yaradılırdı. Bunun üçün yer yaradılmalı idi. Bu çox normal yanaşmadır, düşünürəm ki, bunun müsbət təsirləri olacaq", - deyə İ.Hüseynli vurğuladı.
Aytəkin TOFİQQIZI