İsrailin gizli əməliyyatları İranın çevik cavab imkanlarını zəiflədib

İsrailin gizli əməliyyatları və hava hücumları İranın çevik cavab vermək qabiliyyətini zəiflədib.
Redaktor.az xəbər verir ki, bu barədə Axios İsrail rəsmilərinə istinadən məlumat yayıb.
Məlumata görə, İsrailin geniş hava və kəşfiyyat əməliyyatı İranın böyük əks-hücumunun qarşısını alıb:
“İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hava qüvvələri komandirləri İsrailin gözlənilən hücumuna cavab tədbirlərini əlaqələndirmək üçün bunkerdə toplaşarkən, həm fövqəladə hal protokolundan, həm də bunkerin yerindən xəbərdar olan İsrail kəşfiyyatı obyekti məhv edib. Zərbə nəticəsində İranın pilotsuz uçuş aparatları və hava hücumundan müdafiə proqramlarının rəhbərləri də daxil olmaqla, SEPAH-ın yüksək vəzifəli şəxsləri ölüb”.
Bildirilib ki, İsrail əməliyyatı İranın ölkə daxilindəki hərbi komanda-nəzarət sistemlərini hədəf alıb. Ölənlər arasında SEPAH, İran ordusu və milli fövqəladə hallar qərargahının yüksək səviyyəli komandirləri var.
“Əmri verəcək heç kimin olmaması İranın dərhal cavabını zərərsizləşdirib”, - İsrail rəsmisi deyib.
Eyni zamanda, İsrailin Mossad qüvvələri İran daxilində əməliyyatlar həyata keçirib. “Axios” bildirir ki, Mossad bölmələri hava hücumundan müdafiə mövqeləri yaxınlığında gizli silah sistemləri yerləşdirib və zərbədən xeyli əvvəl İran daxilində pilotsuz təyyarə bazası yaradıb. Bu aktivlər Tehran yaxınlığındakı Esfajabad bazası da daxil olmaqla raket buraxılış qurğularını və hava hücumundan müdafiə obyektlərini məhv edib.
İsrail Hərbi Hava Qüvvələri İranın radar və raketdən müdafiə sistemlərini əvvəlcədən xəritələşdirərək, əməliyyatın açılış mərhələsində onların əksəriyyətini vuraraq, demək olar ki, ümumi hava üstünlüyünə nail olduğu bildirilir.
“Axios”un istinad etdiyi İsrail rəsmisinə görə, ilkin məqsəd İranın 300-500 ballistik raketin qarşısını almaq olub. Bunun əvəzinə İran saatlarla sonra 100-ə yaxın pilotsuz təyyarə ilə cavab verib və onların əksəriyyəti zərərsizləşdirilib.
Qeyd edilib ki, İsrail rəsmiləri İranın hələ də genişmiqyaslı qisas almağa cəhd edə biləcəyini gözləyirlər. “Biz düşünürük ki, onlar bizim raketdən müdafiə sistemlərimizi sınamaq və alt-üst etmək üçün böyük və koordinasiyalı əhəmiyyətli bir raket zərbəsi hazırlamaq istəyirlər” - İsrail rəsmisi “Axios”a bildirib.