Azərbaycana kömək yox, əməkdaşlıq və tərəfdaşlıq lazımdır - Hikmət Hacıyev

 13:18 14.06.2025     170

Xəzər dənizi ayırıcı deyil, birləşdirici faktordur.

Redaktor.az "Report"a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “GLOBSEC 2025” forumunda “Orta Dəhliz: Yeni Geosiyasi və İqtisadi Həyat Xətti” mövzusunda keçirilən paneldə danışıb.

H.Hacıyev vurğulayıb ki, Azərbaycana kömək yox, əməkdaşlıq və tərəfdaşlıq lazımdır:

“Çünki bizim öz investisiya imkanlarımız var və güclü əməkdaşlıqlarımız var. Türkiyə, Azərbaycan və Gürcüstan vasitəsilə Bakı-Tbilisi-Qars layihəmizə baxın. Açığı, biz bu layihəyə başlayanda Avropa və Amerika fondları bu layihənin maliyyələşdirilməsini dayandırdı. Amma biz bunu öz hesabımıza qarşılamağa qərar verdik və bu layihəni həyata keçirdik. Biz həmçinin bütün əsas nəqliyyat infrastrukturu sistemimizi Mərkəzi Asiyadakı qardaşlarımızla əlaqələndirdik. Həmçinin bu gün Çin, Qırğızıstan və Özbəkistanla birlikdə öz dəmir yolu sistemini qurur və bu da Mərkəzi Asiyaya çatmaq üçün 900 kilometrlik qısa yol yaradacaq”.

Prezident köməkçisi bildirib ki, Trans-Xəzər vasitəsilə bütün bu proseslər əlaqələndirilir:

“Amma hazırda sualım budur ki, Avropa İttifaqı haradadır? Bəli, tərəfdaş kimi siz bizə qoşula bilərsiniz, amma hələ də biz Avropa İttifaqının nə istədiyini dəqiq görmürük. TRASEKA vacib layihədir, bizlərə müəyyən dərəcədə töhfə verib, amma bu, bir az köhnə şüşədə köhnə şərabdır. Bizə yeni şüşədə yeni şərab, yeni yanaşma, yeni strategiya lazımdır”.

***

H.Hacıyev Azərbaycanın Orta Dəhlizlə bağlı baxışından və onu necə gördüyündən söz açaraq bildirib ki, hər şeydən əvvəl yol Azərbaycan üçün bir mədəniyyət və sivilizasiyadır:

“Azərbaycan tarixən qədim İpək Yolunda yerləşib və sivilizasiyaların dialoquna töhfə vermişik. İkinci komponent coğrafiyadır. Biz şərq-qərb və həmçinin şimal-cənub yollarının kəsişməsində yerləşirik. Lakin Azərbaycan müstəqillik əldə etdikdə, başa düşdük ki, bu iki komponent vacibdir, lakin kifayət deyil. Biz coğrafiyamızı və tarixi təcrübəmizi yeni imkanlara çevirməli idik, həmçinin Azərbaycanın dənizə çıxışı olmayan ölkə olduğunu nəzərə alaraq, dənizə çıxışımızın olmamasını quru bağlantılarına çevirməyə çalışdıq. Bununla da Azərbaycanın əlaqələndirici xətlərin qurulması və Şərq-Qərb dəhlizinin yaradılması səyahəti başladı”.

H.Hacıyev vurğulaytıb ki, Azərbaycan bu prosesə beş və ya altı mühüm parametrə əsaslanaraq başlayıb:

“Bu marşrut bizim üçün sadəcə yükü A nöqtəsindən B nöqtəsinə çatdıran nəqliyyat deyil. İlk olaraq biz enerji əlaqələndiriciliyinə və enerji koridoruna başladıq. Bu, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Supsa idi ki, Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirdi. İkinci komponent avtomobil yolları və quru marşrutları haqqındadır.

Biz üzərimizə düşəni etdik - avtomobil yollarımızı və magistrallarımızı qurduq, lakin bəllidir ki, avtomobil yollarınızın və magistrallarınızın olması kifayət deyil. Siz həmçinin qonşu ölkələrlə əlaqə qurmalısınız. Üçüncü komponent isə dəniz marşrutu haqqındadır. Bu yolla biz Xəzər dənizini Mərkəzi Asiya tərəfdaşları ilə birləşdirdik, bununla da biz dedik ki, Xəzər dənizi ayırıcı deyil, birləşdirici faktordur. Bunun nəticəsində, biz həmçinin üç, indi isə dörd dənizlə - Xəzər dənizi, Qara dəniz, Aralıq dənizi və Adriatik dənizi ilə də əlaqə qururuq”.