DTX-nın saxladığı icra başçısı kimdir? - DOSYE

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Qax rayonunda əməliyyat keçirdiyi bildirilir.
Əməliyyat zamanı Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev saxlanılıb.
Qeyd edək ki, M.Şəkiliyev bu vəzifəyə 2010-cu ildə təyin olunub.
Redaktor.az icra başçısının dosyesini təqdim edir:
Musa Şaban oğlu 23 sentyabr 1959-cu ildə Qax rayonunda anadan olub. O, 1976-cı ildə Qax şəhər 1 saylı orta məktəbini bitirib. Sonra Rusiyanın Rostov Vilayətinin Novoçerkassk şəhərindəki Novoçerkassk Mühəndis-Meliorasiya institutuna daxil olub və 1981-ci ildə meşə təsərrüfatı mühəndisi ixtisası alıb.
M.Şəkiliyev əmək fəaliyyətinə Qax Meşə Təsərrüfatı idarəsində meşə ustası kimi başlayıb. 1981–1986-cı illərdə Qax Meşə Təsərrüfatı idarəsində meşə ustası və meşəbəyi, 1986–1987-ci illərdə Qax Rayon XDS İcrayə Komitəsində Mülki Müdafiə Qərargahının rəisi, 1987–1989-cu illərdə İlisu Dövlət Qoruğunun direktoru, 1989–2002-ci illərdə Qax Meşə Təsərrüfatının direktoru, 2002–2010-cu illərdə Respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin Mühafizəsi və Bərpası idarəsində rəis əvəzi, Meşələrin İnkişafı Deportamentində direktor müavini vəzifələrində işləyib.
Musa Şəkiliyev ölkə Prezidentinin 12 aprel 2010-cu il tarixli 850 saylı sərəncamı ilə Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
İcra başçısı ailəlidir, üç övladı var.
Qeyd edək ki, Musa Şəkilliyev Yeni Azərbaycan Partiyasının üzvüdür. O, Baş nazirin köməkçisi Əhməd Əhmədzadənin xalası oğludur.