Yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi proseduruna AYDINLIQ

 12:58 08.07.2025     87

Yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi proseduruna aydınlıq gətirilib.

Redaktor.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanunda təklif olunan dəyişikliyin müzakirəsində parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa deyib ki, bu, əhalini maraqlandıran məsələdir.

Fazil Mustafa qeyd edib ki, qanunvericiliyə təklif olunan dəyişikliyə əsasən, hazırkı şəxsiyyət vəsiqələrindən fərqli olaraq yeni nəsil şəxsiyyət vəsiqələrində yaşayış yeri və vəsiqənin verilmə tarixi göstərilməlidir: “Bəs şəxsiyyət vəsiqələri hansı müddətdə dəyişdirilməli olacaq?”.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, vaxtı bitən, qanunvericiliklə nəzərdə tutulmuş hallarda, yaşla və ya dəyişdirilməsi tələb olunan hallarda şəxsiyyət vəsiqəsini yeniləmək lazımdırsa, həmin dövrdə yeni şəxsiyyət vəsiqəsi veriləcək: “Mövcud şəxsiyyət vəsiqələri isə qüvvədədir. Yəni heç kim üçün əlavə ödənişdən söhbət getməyəcək".