“Veteranlar ideoloji təhlükəsizliyin keçiyində”

 13:35 09.07.2025     76

“Azərbaycan Respublikası müharibə, əmək və silahlı qüvvələr veteranları təşkilatı”  İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üçün elan etdiyi  I-ci qrant müsabiqəsində “Veteranlar ideoloji təhlükəsizliyin keçiyində” adlı layihə ilə  qalib olmuşdur. 01 iyun 2025-ci il tarixindən etibarən layihəyə start verilmişdir.

Redaktor.az xəbər verir ki, Layihənin əsas məqsədi İkinci Qarabağ müharibəsində qazanılan tarixi qələbənin yeniyetmələr arasında təbliği və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda şücaət göstərmiş döyüşçülərin gənc nəslə tanıdılmasıdır.

Vətəndaş cəmiyyətinin nümayəndələri olaraq, bizim də üzərimizə böyük yük düşür. Təşkilatın əsas məqsədi də uşaqlar, yeniyetmələr, gənclər arasında hər zaman dövlətçiliyimizin əbədiliyi, Vətənimizin bölünməzliyi, xalqımızın rifahı üçün durmadan çalışmaq, insanları maarifləndirməkdir. 2 aylıq layihə çərçivəsində  əsas vəzifə gənc nəsildə mərdlik, özgüvən və vətənpərvərlik hisslərinin gücləndirilməsi və Bakı şəhərində  orta məktəb və ixtisas liseyi də daxil olmaqla 6 tədbir keçirərərək, yeniyetmələrin dərslərinə daha məsuliyyətli yanaşmalarına nail olmaq, bu sahədə həvəsləndirməni təmin etməkdir.

Layihə həyata keçirildiyi dövrdə ilk dəfə “Azərbaycan hərbi marşları” adlı kitab da çapa hazırlanacaq. Bu kitabda I və II Qarabağ savaşları zaman ifa edilən və eyni zamanda digər dövrləri əhatə edən hərbi marşlar salınacaq.

Bu günlərdə təşkilat Bakı şəhərində keçmiş SSRİ-də ilk ingilisdilli özəl ali məktəb olan Xəzər Universitetinin və Dünya məktəbinin müəllim və tələbələri ilə görüş keçirdi. Qeyd edək ki, bu görüşlər Universitetin təklifi ilə orada həyata keçirilib. Tədbiri çıxış sözü ilə açan məktəbin Xəzər Universiteti Dillər və Ədəbiyyatlar departamentinin müəllimi, Nizami adına Ədəbiyyat müzeyi Seminar Şurasının üzvü Mədinə Karahan bildirdi ki, belə tədbirlər gənc nəslin həm fiziki, həm də mənəvi cəhətdən sağlam böyüməsi, vətəndaşlıq və vətənpərvərlik ruhunda tərbiyə olunması, gənclərimizin qüvvə və bacarıqlarının dövlətçiliyin möhkəmləndirilməsi və inkişafına istiqamətlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu gün ölkəmizdə həyata keçirilən gənclər siyasətinin, gənclərə göstərilən diqqət və qayğının əsasında ölkə üçün layiqli vətəndaş və sağlam nəslin yetişdirilməsi dayanır. Məhz bu səbəbdən bir millətin mövcudluğu üçün sağlam gəncliyin olması vacib şərtdir. Çünki ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən asılıdır.

Tədbiri davam edən layihə rəhbəri professor Bədirxan Əhmədli qonaqları salamlayaraq, layihə haqqında iştirakçılara geniş məlumat verdi. O, qeyd etdi ki, gələcəkdə belə tədbirləri Azərbacanın digər bölgələrində də keçirməyi planlaşdırırlar. Tədbirin təlimçisi, tarix elmləri üzrə fəlsəfə doktoru, I Qarabağ müharibəsinin qazisi Bəxtiyar Əliyev öz döyüş yolundan danışaraq, tarixin müxtəlif zamanlarında azərbaycanlıların Ermənistandan sürgün ediləsi haqqında iştirakçıların ətraflı məlumat verdi. Eləcə də o bildirdi ki, bu gün əsas məqsəd gənc nəslə hərbi vətənpərvərlik tərbiyyəsini aşılamaq, həmçinin yeniyetmə və gənclərin ordu sıralarında xidmətə hazırlanmasında köməkliyin göstərilməsidir.

Təşkilat növbəti tədbirlərini Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında oldu. Kitabxananın direktoru Aslan Cəfərov tədbir iştirakçılarını salamlayaraq çıxış üçün sözü ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Asiya xalqları ədəbiyyatı şöbəsinin müdiri Bədirxan Əhmədova verdi. Professor Bədirxan Əhmədov Birinci Qarabağ Müharibəsi dövründə Azərbaycan xalqının başına gətirilən müsibətlərdən və bu dəhşətli hadisələrin, soyqırım və faciələrin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərdən danışdı. Milli ideologiyanın təhlükəsizliyi mövzusunun aktuallığından danışaraq, yetişməkdə olan gəncliyin və bütövlükdə bütün xalqın bu istiqamətdə səfərbərlik nümayiş etdirməli olduğunu bildirdi. Tarix və etnologiya İnstitutunun elmi işçisi, tarix elmləri üzrə fəlsəfə doktoru, Birinci Qarabağ müharibəsinin qazisi Bəxtiyar Əliyev öz döyüş yolundan danışaraq, ölkə rəhbərliyinin şəhid ailələrinə və müharibə veteranlarına daim  diqqət və qayğı ilə yanaşdığını söylədi.

9 iyul 2025-ci il tarixdə veteranlar layihə çərçivəsində sonuncu tədbiri F.Köçərli adına Respublika Uşaq Kitabxanasında həyata keçirdilər. Vətənpərvərlik və ideoloji təhlükəsizlik məsələsi birinci növbədə maarifləndirmə, savadlandırma, təbliğat tələb edən ciddi, məsuliyyətli bir fəaliyyətdir. Biz də bu məqsədlə Kitabxananın təklifini qəbul edərək, sonuncu tədbirin burada keçirilməsini istədik.

Layihə rəhbəri I Qarabağ müharibəsi zamanı “qaynar” nöqtələrdə jurnalistlik fəaliyyətindən danışaraq, əsgərlərimizin göstərdiyi şücaətdən danışdı. O, qeyd etdi ki, həyata keçirilən bu layihənin əsas məqsədinin İkinci Qarabağ müharibəsində qazanılan tarixi qələbənin gənclər arasında təbliği və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda şücaət göstərmiş döyüşçülərin gənc nəslə tanıdılmasıdır.   Bədirxan Əhmədov layihənin keçirilmə müddəti, əhatə etdiyi əhali qrupları, layihə çərçivəsində keçirilən tədbirlər haqqında geniş məlumat verərək, layihənin həyata keçirildiyi dövrdə ilk dəfə “Vətən və Zəfər nəğmələri” adlı kitabın çap olunacağını və bu kitabda I və II Qarabağ savaşları zamanı ifa edilən və eyni zamanda digər dövrləri əhatə edən hərbi marşların kitaba salınacağını bildirdi.

Ümumən görüş çox məhsuldar keçdi və qərara alındı ki, kitabxanada sentyabr ayında şagirdlərlə bu mövzuda tədbir keçirilsin.

222222