ETN süni intellekt kursunu dəyişmir

Son aylar Elm və Təhsil Nazirliyi süni intellekt sahəsində diqqət cəlb edən ardıcıllıq göstərir.
Bir müddət əvvəl nazirliyin təşəbbüsü ilə Azərbaycan dilində və milli təhsil sisteminə uyğunlaşdırılmış ilk böyük dil modeli – belə demək mümkünsə, EduAzGPT ideyası üzərində işlərin başladığı açıqlanmışdı.
Bu təşəbbüs çərçivəsində ETN rəsmiləri Dubayda Microsoft-un regional komandası ilə Azərbaycan üçün fərdi öyrənməyə uyğunlaşdırılmış AI modelinin – EduAzGPT-nin texniki planlaşdırılması müzakirə olunmuşdu.
İndi isə məlumat verilib ki, nazir Emin Əmrullayev BƏƏ-nin qabaqcıl AI texnologiya şirkəti “Presight” (G42 Group) ilə keçirilən görüşlərdə süni intellekt əsaslı həllərin “Rəqəmsal Məktəb” platformasına inteqrasiyasını müzakirə edib.
Yəni burada əsas müzakirə mövzusu bu AI modellərinin bizim bilik bazamız – yəni təhsil məzmunumuzla necə uyğunlaşdırılacağı və istifadəyə necə çıxarılacağıdır.
Düşünürəm ki, ETN -nin bu istiqamətdəki ardıcıl səyləri xeyli diqqət cəlb edəndir.
Əgər Presight kimi bir qlobal şirkət Azərbaycana gəlibsə və belə səviyyədə görüş keçirilibsə demək ortada ciddi niyyət var.
Yuxarıda qeyd olunan hər iki təşəbbüs bir-birini tamamlayır. Ətraflı açıqlama verilməsə də buradan belə qənaətə gəlmək olar ki, ETN epizodik layihə yox, süni intellekt üzrə ciddi bir strategiya reallaşdırmaq istəyir.
Düşünmək olar ki, ETN EduAzGPT ilə təməl və dil modeli qurmağı hədəfləyir, Aİ sahəsində dünyaca məşhur Presight ilə tətbiq və platformalaşma mərhələsini reallaşdırmaq niyyətindədir.
Çox güman ki məqsəd yalnız texnologiya gətirmək deyil, həm də onu Azərbaycan məzmunu ilə zənginləşdirərək milli AI modelinə çevirməkdir.
Fikrimcə ETN-nin Microsoft və G42 kimi qlobal texnoloji şirkətlərlə əməkdaşlığı və süni intellek əsaslı yerli resursların hazırlanması təhsilin və Aİ sektorun inkişafı baxımından faydalı və təqdirəlayiq addımdır.
Osman Gündüz,
Azərbaycan İnternet Forumunun prezidenti