Suda boğulanların oğlan uşaqları olması təsadüfi deyil - VACİB AÇIQLAMA

 21:04 18.07.2025     169

Son illərdə yay aylarında dənizdə boğulma halları ilə bağlı artan statistika cəmiyyət üçün ciddi xəbərdarlıq siqnalı rolunu oynayır. Xüsusilə bu cür hadisələrin baş verdiyi ərazilərdə uşaqların və gənclərin heç bir qoruyucu tədbir görmədən yenidən dənizə, çaya, gölə, kanala üz tutmaları diqqətçəkici və düşündürücüdür. Bu davranış sadəcə fərdi məsuliyyətsizlik kimi qiymətləndirilə bilməz.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən sosioloq Yusif Nəbiyev bildirdi ki, məsələ aktual olduğu qədər, həm də sosial-psixoloji qatları dərin olan bir məsələdir:

“Oğlan uşaqlarının daha çox boğulması halları təbii ki, təkcə təsadüfi hal deyil. Burada insanlarımızın sosiallaşmasındakı gender fərqliliyini görürük. Heç birimizə naməlum deyil ki, uşaqlıqdan etibarən oğlanlara risk almağın “kişiliyin bir parçası” olduğu öyrədilir. Və bu yöndə adətən ifrata varılır. Sanki təhlükəni görmək və ona qarşı tədbir görmək yox, qorxmamaq və “cəsarət” göstərmək daha yerində addımdırmış kimi. Bu da, nəticə etibarilə, davranışlarda ehtiyatsızlığı artırır”.

Müsahibimizin sözlərinə görə, bir sosial struktur olaraq hegemon maskulinliyin tələbinə görə ideal kişi obrazı güclü, qorxmaz və sərhəd tanımayan biri kimi formalaşdırılmalıdır:

“Azərbaycanda ailə və cəmiyyət də bu ideala uyğun davranışları alqışlayır, hətta ciddi risk olan şəraitlərdə belə "qorxaqsan?” deyərək oğlan uşaqlarını hesablanmamış risklər almağa təşviq edirlər. Bu "qorxaqsan?" sözü isə oğlan uşaqları üçün bəzən ölümdən belə ağır gəlir və nəticədə ehtiyatlı davranmaq ikinci plana keçir. Əsas prioritet cəsarət nümayiş etdirmək olur. Burada başqa bir vacib məsələ də valideyn nəzarətinin, xüsusilə ata fiqurunun davranış modelləri ilə bağlıdır. Çox zaman ata və ya digər kişi yaxınlar “qorxma, sən kişisən” kimi cümlələrlə uşağın ehtiyatlı davranışını əngəlləyirlər. Halbuki, təhlükəni tanımaq və ona uyğun davranmaq sağlam həyat bacarığıdır, cinsiyyətlə əlaqəsi yoxdur.

Həll yolu isə yalnız reaktiv tədbirlər yox (məsələn, xilasetmə tədbirləri kimi), həm də proaktiv olaraq mədəni, sosial dəyişiklik tələb edir”,- deyə sonda Y.Nəbiyev vurğuladı.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən