"Prezidentin cavabları göstərdi ki, Azərbaycan tarixi yeni bir mərhələyə qədəm qoyub" - Sabir Rüstəmxanlı

 14:04 22.07.2025     276

"Mətbuatımızın 150 yaşı tamam olur və bu, Azərbaycan tarixi üçün olduqca önəmli hadisədir. Çünki müasir Azərbaycanın quruculuğu, müstəqil dövlətin formalaşması birbaşa mətbuatla bağlıdır".

Bu fikirləri Milli Mətuatın 150 illiyi ilə bağlı Redaktor.az-a danışan Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Xalq şairi və Dünya Azərbaycanlıları Konqresinin həmsədri Sabir Rüstəmxanlı bildirdi. O qeyd etdi ki, Həsən bəy Zərdabi və Mirzə Fətəli Axundzadə bugünkü Azərbaycanın mənəvi həyatının, milli dövlətçilik ənənələrinin və demokratik düşüncəsinin təməlini qoyan şəxsiyyətlərdəndir:

"Onlar dost idilər və nə istədiklərini çox gözəl bilirdilər. “Əkinçi” qəzetini yaradan Həsən bəy Zərdabi, əslində, Azərbaycanda demokratik və açıq sözün təməlini qoydu və cəmiyyəti mətbuatın gücünə inandırdı. “Əkinçi” ilə başlanan bu yol zamanla genişləndi və inkişaf etdi. XIX əsrin sonlarında artıq başqa qəzetlər də nəşr olunmağa başladı. Həsən bəy Zərdabi, eyni zamanda, yeni nəsil jurnalistlərin, alimlərin və mədəniyyət xadimlərinin yetişməsinə təkan verdi. XX əsrin əvvəlləri isə Azərbaycan mətbuatının tarixində xüsusi bir mərhələdir. Bu dövrdə jurnalistikamızın "Molla Nəsrəddin" məktəbi yarandı. 1918-ci ildən çap edilən “Azərbaycan” qəzeti Şərqdə qurulan ilk respublikanın qüdrətli səsi və sözü oldu.
Sovet dövründə mətbuat fərqli ideoloji xətt götürsə də, ana dilinin qorunması və inkişafı baxımından əhəmiyyətli oldu. 1989-cu ildə isə mənim redaktorluğumla müstəqil, demokratik “Azərbaycan” qəzeti fəaliyyətə başladı. Bu mərhələdən sonra artıq yeni mətbuat orqanları müstəqil və sərbəst şəkildə nəşr olunmağa başladı. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra mətbuat yeni bir intibah dövrünə qədəm qoydu. Müxtəlif sahələrə aid qəzet və jurnallar çap olunmağa başladı".

Xalq şairinin sözlərinə görə, hazırda sosial media dövründəyik və bu da Azərbaycanın səsini dünyaya çatdırmaq baxımından mühüm rol oynayır:

"Azərbaycan mətbuatı yaranan gündən milli problemlərlə, xalqın taleyi ilə məşğul olub, 150 illik tarixi boyu əsasən demokratik xətt üzrə fəaliyyət göstərib və hər zaman xalqın inkişafına xidmət edib. Əminəm ki, bundan sonra da bu vəzifəsini davam etdirəcək.
Mətbuatın 150 illiyi ərəfəsində baş verən ən mühüm hadisə isə 3-cü Şuşa Qlobal Media Forumu oldu. Prezidentimizin orada xaricdən gələn jurnalistlərin suallarına verdiyi cavablar göstərdi ki, Azərbaycan tarixi yeni bir mərhələyə qədəm qoyub. Fürsətdən istifadə edib bütün media nümayəndələrinin bayramını təbrik edirəm".

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən