""Əkinçi" bir millətin dövlət qurma yolunda verdiyi mübarizədir" - Deputat

 21:03 22.07.2025     141

"22 iyul 1875-ci ildə Həsən bəy Zərdabinin “Əkinçi” qəzetini yaratması ilə çıxdığımız böyük yol bu gün qlobal media məkanında milli mətbuatımızın əldə etdiyi çox böyük nailiyyətlərlə davam etməkdədir. Bu, bir millətin maariflənmə, təşkilatlanma tarixidir. Bir millətin dövlət qurma yolunda verdiyi mübarizədir. Bir millətin dilini qorumaq, dəyərlərini təbliğ etmək üçün çalışmadır".

Bu fikirləri Redaktor.az-a Milli Məclisin deputatı Hikmət Babaoğlu Azərbaycan Milli Mətbuatının 150 illiyik yubileyindən danışarkən bildirdi.

"Mətbuat sadəcə informasiya mübadiləsi və informasiya istehsalı hadisəsi deyil. Mətbuat əslində çoxfunksiyalı və çoxşaxəli bir institutdur. Əgər bu gündən 150 il əvvələ baxsaq, görərik ki, Həsən bəy Zərdabi ənənələri bu gün də Azərbaycan mətbuatının qiymətli mənsub­ları tərəfindən davam etdirilməkdədir. Mənə elə gəlir ki, mətbuatımızın ən böyük imtahanlarından biri müstəqilliyimizi əldə etdikdən sonra verdiyi imtahandır. 3-cü Şuşa Qlobal Media Forumunda Azərbaycan Prezidenti mətbuatımızın fəaliyyətini yüksək qiymətləndirdi. Bu, mətbuatımıza verilən qiymətlə yanaşı, həm də media mənsub­larının əməyinə verilən qiymətdir. Prezident tərəfindən imzalanan sərəncamla təltif olunan bütün media həmkarlarını təbrik edirəm. Bu, mediamız üçün böyük motivasiya oldu", - deyə millət vəkili fikrini yekunlaşdırdı.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən