Bakı metrosu genişlənir: yeni xətlər, yeni keçidlər - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Bakı Metropolitenində infrastrukturun genişləndirilməsi istiqamətində yeni mərhələyə start verilib.
Mövvzu ilə bağlı Redaktor.az-a açıqlama verən nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirdi ki, bu ilin əvvəlində elan olunmuş dövlət proqramının praktik icrasına artıq başlanılıb. İlkin olaraq hansı şirkətlərin layihələndiriləcəyi müəyyən olunur və artıq ilkin işlərə də start verilib. Onun sözlərinə görə, Dərnəgül deposunun tikintisi aktiv şəkildə davam edir:
"Bu da önəmli bir layihədir. Əgər üç xəttimiz varsa, onların müstəqil fəaliyyəti üçün hər birinin ayrıca depoları və keçid stansiyaları olmalıdır ki, qatarlar minimum intervalla hərəkət edə bilsin. Düşünürəm ki, qeyd olunan layihələr mərhələli şəkildə icra olunacaq. Bu ilin sonuna qədər "Dərnəgül" deposunun istifadəyə verilməsi gözlənilir. Gələn ildən etibarən isə xətlərin ayrılması layihəsinin icrasına başlanacaq və ehtimal olunur ki, fərqli istiqamətlər üzrə bir deyil, bir neçə podratçı şirkət tərəfindən yeni xətlərin tikintisinə də start veriləcək".
Ekspert bu xətlərin şəhər nəqliyyatına töhfəsindən də bəhs edib:
"Bildiyimiz kimi, bizim iki xəttimiz yaşıl və qırmızı xətlər beş vaqonlu platformalara malikdir. Bənövşəyi xətt isə yeddi vaqonlu platformaya sahibdir və özü-özlüyündə çox vacib xətt sayılır. Çünki şəhərə ən böyük sərnişin axını şimal istiqamətindən gəlir. Bu xəttin şəhər mərkəzinə qədər çatdırılması və ilkin qərara əsasən Ağ şəhərə qədər uzadılması nəzərdə tutulub. Bir deyil, bir neçə yerdə keçid stansiyalarının təşkili planlaşdırılır. Hal-hazırda yalnız "Memar Əcəmi" stansiyasında xəttlərarası keçid mümkündürsə, gələcəkdə bənövşəyi xətdən yaşıl xəttə keçid üçün "Nizami" stansiyasının yaxınlığında, qırmızı xəttə keçid üçün isə "Sahil" metrosu yaxınlığında yeni keçid stansiyalarının təşkili nəzərdə tutulub. Eyni zamanda "Xətai" metrostansiyasının yanında da bənövşəyi xətdən yaşıl xəttə keçid planlaşdırılır".
R.Ağamirzəyevin sözlərinə görə, bu layihələr icra olunduqdan sonra şəhərin müxtəlif metro xətləri arasında sərnişin axınının paylanması və bir xəttdən digərinə rahat keçid təmin olunacaq.
"Bu, yeraltı sərnişin yükünü bölüşdürəcək, sərnişin sayının artmasına töhfə verəcək və eyni zamanda yerüstü nəqliyyatın da üzərindəki yükün bir hissəsini öz üzərinə götürəcək.
Bundan əlavə, yerüstü relsli nəqliyyatın inkişafı da nəzərdə tutulur. Bu, yüngül relsli tramvayların bərpası və şəhərətrafı elektrik qatarları şəbəkəsinin təkmilləşdirilməsi ilə həyata keçiriləcək. Hazırda daşımaların 4-5 dəfə artırılması planlaşdırılır. Düşünürəm ki, verilmiş qərarlar doğrudur. İctimai nəqliyyatın müxtəlif növlərinə sistemli və davamlı şəkildə investisiya qoyulmalıdır. Bu layihələr başa çatdıqdan sonra onların ardıcıl davamı da təmin edilməlidir. Çünki şəhərdə çoxlu insan yaşayır və onların hərəkəti üçün fərqli nəqliyyat növləri təklif olunmalıdır. Həmin nəqliyyat növlərinin maliyyə dayanıqlılığı və funksional üstünlüyü təmin edilməlidir ki, insanlar fərdi nəqliyyatdan çox, alternativ ictimai nəqliyyatı seçsinlər. Yerin altında metro, yerin üstündə tramvay, trolleybus, qısa məsafələr üçün mikromobillik vasitələri və piyada hərəkəti imkanları təmin edilməlidir", - deyə o, əlavə etdi.
Nuriyyə NATİQQIZI