"34 il həsrətində yaşadıq, indi yurdumuzdayıq!" - Böyük Qayıdış

 16:36 25.07.2025     318

Zaman var idi ki, bir xalq illərlə torpaq həsrəti ilə yaşadı. O torpaqlar ki, orada körpə addımlarıyla böyüyən nəsillər, ata-baba ocaqlarında yanan o müqəddəs çıraq, hər evin həyətində basdırılmış xatirələr qalmışdı. O torpaqlar işğal altında idi, lakin xalqın iradəsi əsir deyildi. Və bu gün illər sonra Azərbaycan xalqı tarixə Böyük Qayıdış kimi yazılacaq möhtəşəm bir mərhələnin şahididir.

Böyük Qayıdış təkcə insanların öz doğma evlərinə dönməsi deyil – bu, ədalətin, haqların, torpağın, ruhun, tarixin öz sahiblərinə qovuşmasıdır. Vətən övladları artıq Cəbrayıla, Füzuliyə, Zəngilana, Qubadlıya, Laçına, Kəlbəcərə, Xocalıya, Şuşaya – yurd bildikləri hər qarış torpağa dönürlər. Bu dönüş təkcə fiziki yox, mənəvi bir qayıdışdır. Bu, xalqın başı dik, alnı açıq, zəfərlə geri dönüşüdür.

Böyük Qayıdış ilə bağlı Redaktor.az-a açıqlama verən Xocalı rayonunun Xanyurdu kəndinə qayıdan Nizami Mehtiyev bildirdi ki, 34 il həsrətini çəkdiyi torpağa qovuşmaq onun üçün izah olunmaz hisslər doğurur:

"34 il həsrətini çəkdiyin torpağa qovuşmaq izaholunmaz hisslərdir. Verilən evin şəraiti, qaldığımız yer, hər bir şey çox gözəldir. Allah cənab prezidentimizin canını sağ eləsin, şəhidlərimizə rəhmət eləsin ki, bizə bu günləri, bu hissləri yaşatdılar. Bu ayın 14-ü bura köçdük, 18-də isə prezidentimiz gəldi, bizimlə görüşdü. Mən özüm də Birinci Qarabağ qazisiyəm. 1-ci Qarabağ döyüşlərində bir ayağımı itirmişəm. Elə iyul ayında ayağım amputasiya olunmuşdu, iyul ayında da öz yurduma qayıtdım. Bu, mənim üçün həm simvolik, həm də mənəvi baxımdan çox önəmli oldu. Qaziliyim də hərtərəfli qiymətləndirilib, dövlətin diqqət və qayğısından çox razıyıq".

Onun sözlərinə görə, kənddə həyat artıq canlanmağa başlayıb. Qayıdan ailələr bir yerdə həm torpağa nəfəs verir, həm də sabaha ümidlə baxırlar.

Xocalı rayonunun Xanyurdu kəndinə köçən daha bir sakin – Çingiz Qəhrəmanov saytımıza açıqlamasında qeyd etdi ki, doğma yurda qayıtmaq onun üçün sözlə ifadə olunmayacaq qədər böyük bir xoşbəxtlikdir:

"Biz öz yurdumuza qayıtdığımıza görə çox şadıq. Allah prezidentimizə, hərbçilərimizə can sağlığı versin, şəhidlərimizə rəhmət eləsin. Çox məmnunuq ki, bu gün öz torpağımızdayıq, öz evimizdəyik. Heç bir gileyimiz, narazılığımız yoxdur, hər şeydən razıyıq. Hər bir şərait yüksək səviyyədə təmin olunub. Dövlətimizin bu diqqət və qayğısı bizi çox sevindirir".

Böyük Qayıdış ilə bağlı Redaktor.az-a açıqlama verən Milli Məclisin deputatı Elman Məmmədov bildirdi ki, bütün Azərbaycan xalqı üçün bu günlər böyük tarixi hadisədir. O, qeyd etdi ki, 32–33 ildən sonra nəhayət ki, insanlar öz doğma, dədə-baba yurd-yuvalarına qayıdırlar:

"Uzun illər boyu həsrətlə gözlədikləri torpaqlara ayaq basırlar, əzizlərinin, doğmalarının uyuduğu məzarları ziyarət edirlər. Bu, təkcə bir köç deyil – bu, xalqın haqqının bərpası, tarixin ədalətidir. Bundan gözəl, qürurlu nə ola bilər? Şükürlər olsun Uca Allaha ki, xalqımızın birliyi, ordumuzun gücü, şəhidlərimizin canı və qanı, qazilərimizin əzmi, Ali Baş Komandanımız, cənab prezidentimizin qətiyyətli və dəmir iradəli rəhbərliyi sayəsində bu günləri yaşamaq bizə nəsib oldu".

Millət vəkilinin sözlərinə görə, Böyük Qayıdış artıq gerçəyə çevrilib:

"Bu proses davam edir və hələ uzun illər sürəcək. Sonuncu məcburi köçkün də öz doğma yurd-yuvasına dönənədək bu müqəddəs yolçuluq dayanmadan davam edəcək. Bu gün Ağdamın, Xocalının, Xocavəndin, Cəbrayılın, Şuşanın, Laçının, Zəngilanın, Qubadlının, Kəlbəcərin və digər azad olunmuş bölgələrin sakinləri illər sonra yurdlarına dönürlər. Hər addımda sevinc, həyəcan, göz yaşları və qürur var. Hamının gözü həsrətdən çəkildi. Gözümüz aydın olsun, Vətən övladları!

Bu səhər mən işğal zamanı törədilmiş cinayətlərə görə məsuliyyət daşıyan murdar erməni cinayətkarlarının məhkəmə prosesində iştirak edirdim. Bu da bizim haqq yolunda qazandığımız tarixi bir uğurdur. Düşmənin belini qırmışıq – həm döyüş meydanında, həm də beynəlxalq hüquq qarşısında. Bu gün biz təkcə torpaqlarımızı deyil, həm də ədaləti bərpa edirik. Düşməni də, insanlığa sığmayan cinayətlər törətmiş qatilləri də mühakimə edirik. Bu, həm tarix qarşısında borcumuzdur, həm də gələcək nəsillərə bir ibrətdir

Ümid edirik ki, Allahın köməkliyi ilə yaxın günlərdə bu cür mühakimələrin sayı daha da artacaq və bütün günahkarlar ədalət qarşısında cavab verəcək. Bizim yolumuz haqq yoludur. Bu yolda dayanmaq, geri dönmək yoxdur. Zəfər bizimlədir, ədalət bizimlədir, Vətən bizimlədir!"

Nuriyyə NATİQQIZI

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”" mövzusunda dərc olunub.

2
Vumart və Güvən reklamı Vumart Güvən