"Bakı və Sofiya arasında enerji əməkdaşlığı Aİ-nin təhlükəsizliyini gücləndirir"- Hüseyn Hüseynov

 15:46 25.07.2025     82

Bakı və Sofiya arasında enerji əməkdaşlığı enerji təhlükəsizliyinin gücləndirilməsində və enerji mənbələrinin şaxələndirilməsinin təmin edilməsində həm Bolqarıstan, həm də bütövlükdə Avropa İttifaqı üçün əsas amilə çevrilir.

Redaktor.az xəbər verir ki, bunu Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov bu ölkənin "Stroitel" nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, ölkələr arasında iqtisadi tərəfdaşlıq son illər əhəmiyyətli dərəcədə genişlənib və enerji sektoru bu əməkdaşlığın əsas elementidir: "Son illərdə Azərbaycandan Bolqarıstana xüsusilə təbii qaz, sürtkü materialları və neft məhsullarının ixracı xeyli artıb".

Səfir xatırladıb ki, Azərbaycan Bolqarıstanın əsas təbii qaz təchizatçısıdır və daxili istehlakın böyük hissəsi uzunmüddətli müqavilə əsasında Azərbaycan qazı hesabına təmin edilir.

"Cənub Qaz Dəhlizi, xüsusilə Yunanıstan-Bolqarıstan interkonnektorunun istifadəyə verilməsi Sofiyaya Azərbaycan qazını birbaşa almağa imkan verib. İkitərəfli enerji əməkdaşlığında daha bir mühüm hadisə 2023-cü ildə SOCAR-ın Sofiyada nümayəndəliyinin açılması olub. Bolqarıstan şirkətləri ilə tərəfdaşlıq edən SOCAR qazlaşdırma və qaz paylanması da daxil olmaqla bir sıra enerji layihələrində fəal iştirak edir. Şirkət Bolqarıstanda təbii qaz ticarəti üçün 10 illik lisenziya alıb və ötən ildən həm sənaye müəssisələrinə, həm də sosial istehlakçılara qaz tədarük edir", - H.Hüseynov bildirib.

Diplomat vurğulayıb ki, Azərbaycan və Bolqarıstan bərpa olunan enerji mənbələri, hidrogen və yaşıl texnologiyalar sahəsində tərəfdaşlıqda maraqlı olduqlarını bildirib.

"Hər iki ölkə bərpa olunan enerji sahəsində, xüsusilə Azərbaycanın bərpa olunan enerji potensialından, həmçinin Bolqarıstanın infrastrukturundan və tranzit mövqeyindən istifadə edən "Yaşıl Enerji Dəhlizi" layihəsi çərçivəsində əməkdaşlıq imkanlarını öyrənir. Bu il Bolqarıstan Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanla birlikdə Qara dənizin dibindən keçən kabel vasitəsilə bərpa olunan enerjinin ötürülməsi təşəbbüsünə qoşulub. Bundan əlavə, Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstanın iştirakı ilə enerji sahəsində yeni əməkdaşlıq layihəsi ilə bağlı Anlaşma Memorandumu imzalanıb. Bundan başqa, “yaşıl enerji”nin ötürülməsi və ticarəti üçün yeni sistemlərarası bağlantıların yaradılmasına dair saziş imzalanıb ki, bu da Azərbaycandan Avropaya bərpa olunan enerji mənbələrinin ixracına imkan verəcək", - o əlavə edib.

Vumart və Güvən reklamı Vumart Güvən