Xocalının Ballıca kəndinə daha 62 nəfər qayıtdı - FOTO

Böyük Qayıdış proqramı çərçivəsində iyulun 28-də Xocalı rayonunun Ballıca kəndinə növbəti köç oldu.
Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Redaktor.az-a verilən məlumata görə, bu mərhələdə Ballıca kəndinə 62 nəfərdən ibarət 17 ailə köçürüldü. Onlar uzun illər respublikanın müxtəlif bölgələrində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlərdir.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, sakinləri doğma yurdlarına qayıtmaları münasibətilə təbrik edib və onlara fərdi yaşayış evlərinin açarlarını təqdim edib. Təqdimetmə mərasimindəki çıxışı zamanı S.Qəhrəmanov bildirib ki, bu yalnız bir evin açarı deyil, illərdir həsrətini çəkdiyiniz doğma yurda dönüşün, əziz xatirələrin və gələcək nəsillərin sabit yaşayışının rəmzidir. “Böyük Qayıdış” proqramı çərçivəsində bu gün Xocalının kəndlərinə həyat yenidən qayıdır. Ballıca kəndi də öz sakinlərinə qucaq açır. Burada sizlər üçün hər bir şərait yaradılıb – su, qaz, elektrik, rabitə xətti çəkilib, məktəb, tibb məntəqəsi və digər zəruri infrastruktur artıq fəaliyyət göstərir.
Qeyd edək ki, indiyədək Xocalının Ballıca kəndində 180 ailə- 840 nəfər məskunlaşıb. Ümumilkdə bugünkü köç də daxil olmaqla, 902 nəfərdən ibarət 197 ailə kəndə qayıdıb. Xocalı şəhəri, Ballıca, Təzəbinə və Xanyurdu kəndlərində hazırda 1433 nəfərdən ibarət 327 ailə yaşayır.


