"Şüşə qızır, günəş şüasını fokuslayır və nəticədə yanğın baş verir" - Türkiyədəki yanğınlarla bağlı AÇIQLAMA

 16:50 29.07.2025     133

"Bugünkü gün Türkiyədə baş verən meşə yanğınlarının əsas səbəblərindən biri iqlim dəyişikliyidir. İqlim dəyişdiyi üçün artıq hava əvvəlki kimi deyil, istilər çox güclü keçir. Məsələn, bu yaxınlarda bəzi yerlərdə temperatur 50 dərəcəyə qədər qalxmışdı. İzmir, Antalya, Manavqat kimi bölgələrdə bu yanğınlar məhz yüksək temperatur və isti küləklər nəticəsində daha da şiddətlənib. İnsan elə təsəvvür eləyir ki, elə bil bir feni tutublar sifətinə – o qədər isti, o qədər qızmar hava olur. Belə vəziyyətdə yanğın qaçılmaz olur".

Bu fikirləri Redaktor.az-a açıqlamasında ekoloq İradə Həsənova Tükirədə baş verən meşə yanğınları haqqında danışarkən bildirdi.

"İnsan faktoru da bu məsələdə öz rolunu oynayır. Bəzən insanlar gedirlər meşəyə, bu, o demək deyil ki, gedib kimləsə bilərəkdən yanğın törədirlər. Amma sadə bir məsuliyyətsizlik belə fəlakətə səbəb ola bilər. Məsələn, biri gedir, orada bir şüşə qırığı atır yerə və hava bu qədər isti olanda o şüşə qızır, günəş şüasını fokuslayır və nəticədə yanğın baş verir. Yəni bir şüşə parçası belə alovun yaranmasına bəs edir. Elə olur ki, insanlar taxıl sahələrində biçin işini bitirəndən sonra sahəni yandırırlar. Bu da istər-istəməz meşəyə keçir və böyük yanğınlara səbəb olur.

Bəzi hallarda isə təəssüf ki, qəsdən yandırmalar da baş verir. Yəni, “elə-belə olub” demək də olmur. Amma ümumi götürəndə yenə də əsas səbəb havanın həddindən artıq isti keçməsidir. Bu cür istilikdə o yanğınlar elə bil özü-özünə yaranır. İndi bir də baxırsan ki, maşın günün altında qalıb, içindəki temperatur 60 dərəcəyə qədər qalxıb. İndi təsəvvür edin meşədəki otlar, budaqlar bu istilikdə necə quruyur və necə tez alışa bilir.

Ən pisi də odur ki, yanğınlar təkcə ağacları, torpağı yox, heyvanları da yandırır. O meşədə yaşayan canlılar, onların hamısı yanır, ölür. Sonra həmin ərazidə heç nə bitmir, flora və fauna məhv olur", - deyə o qeyd etdi.

Ekoloqun sözlərinə görə bu yanğın təkcə o bölgəyə yox, ümumi olaraq ekosistemə təsir edir.

"Bəzən bu vəziyyətin fəsadlarını biz Azərbaycanda da hiss edirik. Məsələn, bizdə də yay aylarında meşə yanğınları baş verir, bəzən insan ehtiyatsızlığı, bəzən də temperaturun təsiri ilə. Bunun qarşısını almaq üçün ən birinci nə lazımdır? Maarifləndirmə. İnsan bilməlidir ki, meşəyə gedəndə nə etmək olar, nə olmaz. Təəssüf ki, elə Türkiyənin özündə belə bu istiqamətdə maarifləndirmə çox azdır. İnsanlara vaxtında başa salınmalıdır ki, o şüşə parçası, o siqaret kötüyü nəyə səbəb ola bilər.

Bir də texniki cəhətdən mütləq hazırlıq olmalıdır. Məsələn, təyyarə, vertolyot sayı çox olmalıdır ki, yanğın baş verəndə tez müdaxilə olunsun. Amma təəssüf ki, bəzi bölgələrdə bu baxımdan da çatışmazlıqlar var. Hətta bəzi hallarda yanğınsöndürənlərin özləri də həyatlarını itirirlər, yəni, yanğının qarşısını almaq üçün mübarizə aparan insanlar belə təhlükə altındadır.

Ona görə də bu məsələdə sadəcə dövlətin deyil, hər bir fərdin üzərinə məsuliyyət düşür. Biz hamımız bu mövsümə hazır olmalıyıq. Hər yay bu yanğınlar təkrarlanırsa, demək, biz dərs çıxarmamışıq. Təbiəti qorumaq üçün həm texniki hazırlıq olmalı, həm də insanlarda da bu məsələyə qarşı ciddi yanaşma formalaşmalıdır", - deyə İradə Həsənova yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən