"Yəhudi xalqının az qala üçdə ikisindən çoxu Xəzər türkləridir" - Deputat

"Dil hər bir xalqın, millətin mövcudluğunun əsas təməlidir. Azərbaycan dili də bu baxımdan çox qədim tarixə malikdir və milli kimliyimizin ən güclü göstəricilərindən biridir. Uzun əsrlər ərzində inkişaf edən Azərbaycan dili yalnız qədim kökləri ilə deyil, həm də zəngin leksik fondu və ifadə imkanları ilə dünyada ən inkişaf etmiş dillərdən biri kimi tanınır. Onun kökləri qədim Şumer mədəniyyətinə qədər gedib çıxır".
Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu Azərbaycan dilinin qorunmasından danışarkən bildirdi.
"Azərbaycan dili tarix boyu müxtəlif çətinliklərə, təzyiqlərə məruz qalmışdır. Ərəb istilası zamanı ərəb dili üzərindəki təsirə baxmayaraq, Azərbaycan dili öz milli kimliyini və ifadə gücünü itirməmişdir. Sonrakı dövrlərdə, xüsusilə fars şovinist təzyiqləri altında da dilimiz xalqın ruhunu qoruyaraq yaşamağa davam etmişdir. Bu isə bizim dilimizin nə qədər dayanıqlı və əzmkarlıqla qorunan bir sərvət olduğunu göstərir.
XX əsrin ən mürəkkəb dövrlərindən biri sovet hakimiyyəti dönəmi də Azərbaycan dilinin varlığını və inkişafını təhlükəyə atmışdı. Bu dövrdə bir çox xalqlar, məsələn, ukraynalılar kimi, dillərini itirərək milli kimlik problemləri ilə üzləşdilər. Ukraynalılara öz qıpçaq ləhcəli türk dilləri unutduruldu və bu gün ukraynalılar milli kimlik problemi yaşayırlar. Və bütün dünya xalqları onları slavyan hesab edir. Əslində isə onlar türklərdir. Dəşti-qıpçaq türkləridir. Xəzər xaqanlığı yəhudiliyi din kimi qəbul etdikdən sonra, imperiyanın çöküşündən sonra dünyanın müxtəlif yerlərinə yayılan Xəzər türkləri dillərini qoruya bilmədilər. Dinlərini qorudular. Ona görə də bu gün yəhudi xalqının az qala üçdə ikisindən çoxu özünü məhz yəhudi hesab edən Xəzər türkləridir. Yəni çoxsaylı belə nümunələr var ki, tarixin müxtəlif mərhələlərində xalqlar öz dillərini itiriblər. Sovet dövründə də belə bir assimilyasiya cəhdləri vardı. Məhz o dövrdə həm Azərbaycan xalqının öz dilini qorumaq istedadı və mübarizəsi, şübhəsiz ki, dilimizin imkanlarının daha da genişlənməsinə səbəb oldu. Əksinə sovet dövründə Azərbaycan dili inkişaf etmiş dillər sırasında yenidən özünü bərpa etdi. Azərbaycan xalqı öz dilinə sahib çıxmaqda böyük məharət və iradə nümayiş etdirdi. Ulu öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlməsi və 1978-ci ildə Azərbaycan dilinin dövlət dili statusunun qanuniləşdirilməsi bu mübarizənin ən parlaq nümunələridir. Heydər Əliyevin Bakı Dövlət Universitetində Azərbaycan dilində etdiyi nitq xalqımıza böyük ruh yüksəkliyi verdi və dilimizin üzərində olan təzyiqlərin aradan qaldırılmasına təkan oldu".
Millət vəkili qeyd etdi ki, müasir dövrdə isə dilimiz yenə də təzyiqlər altındadır.
"Qloballaşmanın, yeni texnologiyaların, sosial şəbəkələrin və internetin yaratdığı yeni ünsiyyət formaları - işarələr, simvollar, qısaltmalar - dilin inkişafı və qorunması üçün həm çağırış, həm də imkan yaradır. Lakin tarixi təcrübə göstərir ki, dil özü-özünü qorumaq qabiliyyətinə malik avtonom bir sistemdir. Əgər xalq öz dilinə sahib çıxarsa, heç bir güc onu əlindən ala bilməz.
Azərbaycan xalqı isə bu tarixi sınaqlardan uğurla çıxaraq, dilini yaşatmaqda və inkişaf etdirməkdə misilsiz bir nümunə göstərmişdir. Biz buna görə də hər il avqustun 1-də Azərbaycan dili gününü qeyd edir, ulu öndər Heydər Əliyevin bu sahədəki xidmətlərini xatırlayır və dilimizin problemləri, funksionallığı, orfoqrafiyası, semantikası və leksik fondu barədə daim müzakirələr aparırıq. Dilimiz daim genişlənməli, inkişaf etməli, kosmopolit və qeyri-Azərbaycan mənşəli sözləri özünəməxsus şəkildə mənimsəyərək zənginləşdirməlidir. Təkcə bir avqustda yox, il boyu bu proseslər davam etməlidir ki, dilimizə daxil olan kosmopolit sözləri, qeyri-Azərbaycan mənşəli sözləri, dilimizə uyğunlaşdıraraq onu məhz leksik fondumuzun dəyərinə çevirməyi bacaraq", - deyə H.Babaoğlu yekunlaşdırdı.
Xədicə BAXIŞLI