SSRİ-nin Əfqanıstana hərbi müdaxiləsi, ABŞ-nin strategiyası və nəticəsi - Musa Qasımlı yazır

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin Yekun Aktının 1975-ci il avqustun 1-də imzalanmasından 50 il keçir. Yarım əsrlik bu tarixin bəzi təcrübələrinə nəzər yetirərək günümüz baxımından dərslər çıxarmaqda fayda vardır. Ötən illər ərzində sözünə və imzasına riayət etməyən dövlətlərin sonu necə olub? Tarixdən yalnız bir nümunəni sizinlə bölüşmək istəyirəm. Hərçənd çox misallar çəkmək olar.
Sənədi imzalamasına və Avropada gərginliyin zəiflədilməsi prosesinə tərəfdar olmasına dair bəyanatlar verməsinə baxmayaraq, iki fövqəlgüc dövlətdən biri olan SSRİ-nin dünyanın digər regionlarında hərbi qüvvə hesabına yeritdiyi siyasətin zirvəsi beynəlxalq hüquq normalarını kobudcasına pozaraq 1979-cu ildə Əfqanıstana hərbi müdaxiləsi oldu.
Fövqəlgüc dövləti ABŞ Əfqanıstan üstündə SSRİ ilə müharibəyə girmədi. Rusiya və Birləşmiş Ştatlar arasında heç vaxt müharibə olmamışdı. Vaşinqton Sovet İttifaqının Əfqanıstana hərbi müdaxiləsinə qarşı aydın məqsədləri olan dərin strategiya işləyib hazırladı. Siyasi-diplomatik, iqtisadi, hərbi, informasiya və milli münasibətlər və b. istiqamətləri əhatə edən həmin strategiyanı həyata keçirən Birləşmiş Ştatlar və müttəfiqləri:
• Beynəlxalq təşkilatlarda, xüsusən BMT-də SSRİ-ni sərt diplomatik-siyasi təzyiqlərə məruz qoyaraq dalana dirədilər;
• Geniş informasiya savaşına başladılar;
• Əfqanıstan müxalifətinə kömək etdilər. Daha çox tələbələrin arasında iş apararaq Taliban hərəkatını yaradıb silah və sursatla təmin etdilər;
• Moskva Olimpiadasını boykot etdilər;
• SSRİ-yə qarşı sanksiyalar tətbiq etdilər. Əfqanıstana sovet hərbi müdaxiləsini pisləməsinə baxmayaraq, Birləşmiş Ştatların müttəfiqi olan Türkiyə “siz böyük dövlətsiniz, öz aranızdakı məsələləri həll edin, bizsə ona uyğun davranarıq. Biz SSRİ ilə qonşuyuq” deyərək bu tədbirlərin bəzisinə qatılmadı, ərazisini hədəfə çevirmədi;
• Dünya bazarında neftin qiymətini aşağı salmaqla təbii sərvətlərin satışından qazandığı vəsait üzərində dayanan Sovet İttifaqının gəlir mənbəyini bağladılar, iqtisadi əsasını sarsıtdılar;
• Sürətlə silahlanmanı gücləndirərək SSRİ-ni də hərbi təxsisatlarını artırmağa vadar etməklə ölkədə qıtlığın yaranmasına və əhalinin sosial-iqtisadi şəraitinin ağırlaşmasına və narazılığına nail oldular;
• Əsgərinin Əfqanıstanın hər qarış torpağında olmasına, bütün yaşayış məntəqələrini düşmən adı altında başdan-başa bombardman etməsinə baxmayaraq, heç bir şeyə nail ola bilməyən SSRİ-ni qoşunlarını bu ölkədən çıxarmağa məcbur etdilər;
• SSRİ-də dayaqlarından bir olan milli münasibətləri kəskinləşdirdilər. Sovet ordusu, daxili işlər və təhlükəsizlik qüvvələrinin dinc əhaliyə qarşı güc tətbiq edərək qan tökməsi, özlərini gözdən salması ilə sovet imperiyasının güc dayaqlarını sarsıtdılar. Xalqların müstəqil dövlətlərinə işğallarla son qoymaqla Rusiyanın 1922-ci ildə yaratdığı SSRİ artıq 1991-ci ildə mövcud deyildi. Bu, bir sıra digər səbəblərlə yanaşı, həm də Əfqanıstan avantürasının, imzasına hörmət etməməyin nəticəsi idi;
• Yeni müstəqil dövlətlərin ərazisində keçmiş mövqelərini qoruyub saxlamaqdan ötrü kapital qoymağa imkanı olmadığından Rusiya hakimiyyəti münaqişələri daha da alovlandırdı;
• O vaxt əsas vəzifəsi yeni müstəqil dövlətlərlə əlaqələr qurmaq, münaqişələrin qarşısını almaq və s. olduğundan ABŞ bundan irəli getmədi. İndi isə həmin vaxtdan 34 il keçir və şərait də xeyli fərqlidir. Siyasətdə ardıcıllıq, dürüstlük və bərabər addımladıqlarını "xərcləməmək" gərəkdir;
• Ötən illər ərzində heç bir dövlətin və ya dövlətlər qrupunun deyil, yalnız haqq-ədalətin və beynəlxalq hüquq normalarından doğan prinsiplərin yanında yer alan, milli maraqlarını əsas götürərək müstəqil siyasət yürüdən, imzasına və dilindən çıxan sözə riayət edən Dövlət məqsədlərinə çatıb, millətin arzularını gerçəkləşdirib. Bu Dövlətlə yalnız bərabər əsasda danışmaq fayda verər.
P.S. Hələ Birinci Dünya müharibəsindən sonra, 1919-cu ildə keçirilən Paris sülh konfransı zamanı Rusiya məsələsi müzakirə edilərkən deyilən fikirlərdən biri islahatlar aparmaqdan ötrü çox böyük, namünasib, danışıqlar aparmaq üçün masa arxasında stula sığışmayan Rusiyadan Sibiri ayırmaq, Avropa hissəsində üç dövlət yaratmaq idi. Lakin müharibədən sonra Qərb ölkələrində yaranmış şərait və Rusiyadan xarici borclarının necə alınacağı suallar doğurduğundan həmin plan həyata keçirilməyərək “rəfə qoyuldu”. Plan 106 ildir rəfdədir. Hər hansı bir şeyi isə daim rəfdə saxlamaq olmur, arada götürüb tozunu silib istifadə etmək lazımdır, həm də şərait tamamilə fərqlidir. Amma, elə silmək lazımdır ki, toz ətrafdakıların gözünü yaşartmasın...
Musa Qasımlı,
Milli Məclis sədrinin müavini, professor