Azərbaycanda cəza çəkən İran vətəndaşlarına görüş üçün şərait yaradıldı

Bəzi penitensiar müəssisələrdə İran İslam Respublikası vətəndaşı olan məhbuslara ailə üzvləri ilə video görüntü əsasında görüşlərin keçirilməsi imkanı yaradılıb.
Redaktor.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadənin İranın XİN-in mətbuat katibinin bu ölkənin Azərbaycanda həbsdə olan vətəndaşları ilə bağlı iddialarına dair şərhində qeyd olunub.
Bildirilib ki, həbsdə saxlanılan əcnəbilər, o cümlədən İran vətəndaşları mütəmadi olaraq tibb-sanitariya bölməsində müayinələrdən keçirlər. Bununla yanaşı, İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin əməkdaşları tərəfindən öz vətəndaşları üçün gətirilmiş dərman preparatları tibb xidmətinin əməkdaşları tərəfindən normativ aktların tələblərinə uyğun qaydada qəbul edilib və məhkumlara çatdırılıb.
Yalnız 2025-ci ildə İran İslam Respublikasının Səfirliyinin əməkdaşları ilə penitensiar müəssisələrində cəza çəkən 37 nəfər İran İslam Respublikasının vətəndaşları arasında konsul görüşünün keçirilməsi üçün şərait yaradılıb. Son olaraq belə görüş iki İran vətəndaşı ilə 31 iyul tarixində baş tutub.