“Prezidentin qayğısı ilə doğma yurda qayıtmaq qürurvericidir” - Ağdərə sakinləri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 21-də Ağdərə rayonunda sakinlərlə görüşərək fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olublar.
Redaktor.az Ağdərə rayonuna köç edən vətəndaşlarla əlaqə saxlayıb onların təəssüratlrını öyrəndi.
Ağdərə rayonunun Vəng kəndindən olan Tahir bəy bildirdi ki, bu köç onlar üçün çox böyük xoşbəxtlikdir:
"Cənab Prezident bizi saf suyu, təmiz havası, oksigeni bol, gözəl mənzərəsi ilə doğma yurdumuza qaytardı. Hər zaman öz vətənində olmaq ən böyük nemətdir. Ulu öndərin vəsiyyəti, dəmir yumruğun birliyi və möhkəmliyi sayəsində Azərbaycan bu gün qələbə qazanaraq dünya dövlətləri sırasında öz sözünü deyir. Cənab Prezident xarici ölkələrdə də diplomatiya və siyasət gücü ilə bu sevinci bizə yaşatdı. Ondan gözəl nə deyilə bilər? Allah Prezidentimizi qorusun, şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı versin. Biz Prezidentimizdən dağlar qədər razıyıq. Bizə təqdim olunan evlər də yüksək səviyyədədir, hər şey qanuni qaydada, rahatlıqla təmin olunub. Narazılığımız yoxdur, əksinə, sevincimizin həddi-hüdudu yoxdur. Hər kəsə daim xoşbəxtlik arzulayırıq".
Ağdərə rayonunun Kolatağ kəndindən olan Rəfayət Musayev isə qeyd etdi ki, bu hissləri ifadə etmək çətindir:
"Çünki uşaqlığım orada keçib, təxminən 13-14 yaşımda oranı tərk etmişəm. İndi doğma yurduma qayıtmaq, üstəlik cənab Prezidentlə görüşmək, onun bizim evimizə gəlməsi bizim üçün həm sevindirici, həm də qürurverici hadisədir. Bizə verilən evdən də çox razıyıq. Mənzərəli, səfalı bir yerdə yerləşir. Ustaların zəhməti böyükdür, evlər yüksək səviyyədə təmir olunub. Allah dövlətimizi qorusun, çünki bu gözəl işlər dövlətimizin ayırdığı vəsait hesabına həyata keçirilir".
Nuriyyə NATİQQIZI