Yenidən zəlzələ ola bilər? - Seysmoloq AÇIQLADI

Dünən Bakı və ətraf bölgələrdə zəlzələ hiss olunub.
Bəs yenidən zəlzələ ola bilərmi?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən seysmoloq Ənvər Əliyev bildirdi ki, elə güclü zəlzələ baş verməyib:
"Bəzi mənbələr yazır ki, güclü zəlzələ olub, amma üç-dörd baldan yuxarı zəlzələlər adətən güclü hesab edilmir. Bunlar silkələnmələrdir və bu cür hadisələr normaldır. Biz elə bir zonada yerləşirik ki, burada belə xırda hiss olunan və ya hiss olunmayan seysmik hadisələr çoxluq təşkil edir, on minlərlə belə hadisə qeydə alınır. Dayandığımız region planetin üç ən seysmik zonasından birinin üzərində yerləşir. Fransanın şimalından, İndoneziyaya qədər böyük ərazi bu seysmik aktivlikdədir. Burada silkələnmələrə məruz qalmaq normaldır və planetin təbii xarakterindən irəli gələn faktordur. Qabaqcadan zəlzələni dəqiq proqnozlaşdırmaq mümkün deyil. Adətən güclü zəlzələlərdə qabaqcadan yavaş-yavaş baş verən hərəkətlər olur, onlara forşoklar deyilir. Zəlzələnin pik nöqtəsi keçdikdən sonra isə afterşoklar baş verir. Ona görə də əvvəlcədən nəyisə demək mümkün deyil. Belə zəlzələlər o qədər də qorxulu deyil və ümid edirik ki, Allah daha güclü zəlzələlərdən qorusun".
Nuriyyə NATİQQIZI