"Nazirlər Kabineti dünyadan bixəbər qurumdur" - Polkovnik
Azərbaycanda xüsusi karantin rejiminin müddəti 2026-cı ilin 1 yanvarınadək uzadılıb. Dünyanın əksər ölkələrində COVID-19 məhdudiyyətləri artıq ləğv olunsa da, Azərbaycanda hələ də qüvvədədir.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarında quru sərhədlərimizin bağlı qalması koronavisrusla bağlı göstərilsə də, əslində dövlət rəhbərliyinin, deputatların daha əvvəlki açıqlamalarından məlumdur ki, bu, məhz təhlükəsizliklə bağlıdır.
Redaktor.az-a danışan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov bildirdi ki, o, sərhədlərin açılmamasını anlayışla qəbul edir:
"Nazirlər Kabinetinin növbəti dəfə dünyadan bixəbər bir qurum olduğuna əmin oldum. Orada göstərilir ki, COVID-19 məhdudiyyətləri ilə əlaqədar bu müddət uzadılıb. Artıq yeni bir şey yazmaq lazım idi. Dövlət başçısı, millət vəkilləri, ictimaiyyət nümayəndələri də qeyd ediblər ki, bu, COVID-19-la bağlı deyil. Bilmirəm, Nazirlər Kabineti kimdən və nədən ehtiyat edir, bu qərarın müddəalarını niyə dəyişməyə qorxur? Mən şəxsən anlaya bilmirəm. Başa düşürəm ki, təhlükəsizlik məsələləri var, regionda və dünyada baş verən proseslər mövcuddur. Aydın məsələdir ki, bu, onunla bağlıdır".
Polkovnik vurğuladı ki, Nazirlər Kabinetinin bunu bilavasitə COVID-19-la əlaqələndirməsi qəribədir:
"Bu, mənə ona görə qəribə gəldi ki, əgər bu, keçici infeksiyadırsa, hər yerdə qoruyucu maskalardan istifadə olunmalıdır. Azərbaycanda demək olar ki, heç kim bundan narahat deyil. Bu, çox qeyri-ciddi bir yanaşmadır. Bunu normal məntiqə sığan bir şeylə əsaslandırmaq olardı. Adını COVID qoymaq isə mənə elə gəlir ki, Azərbaycan dövlətinin adına hörmətsizlikdir".
Aytəkin TOFİQQIZI













