"Ramiz Mehdiyev kimi yüzlərlə hakimiyyət hərisləri olsa belə..." - Məlahət İbrahimqızı
"Mediada ən çox təssüf edilən məsələ bu günkü gündə məhz Bakı şəhər Səbail rayon məhkəməsinin qəbul etdiyi qərardır. Azərbaycan xalqı çox gözəl bilir ki, Ramiz Mehdiyev kimi yüzlərlə hakimiyyət hərisləri olsa belə, 200 illik dünya erməniliyi erməni lobbisinə və işğalçı Ermənistanın arxasında dayanan super gücləri 44 gün ərzində məğlub edən İlham Əliyevin dəmir yumruğu qarşısında çox acizdirlər. Ölkəmizin ən çətin günlərində, ən çətin dövrlərində 1994 və 98-ci illərdə dövlət çevrilişinə cəhd olan dövrdə belə Azərbaycan xalqı ulu öndərimiz Heydər Əliyevin ətrafında sarsılmaz birlik nümayiş etdirdilər".
Redaktor.az xəbər verir ki, bu barədə Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı deputat Məlahət İbrahimqızı bildirdi.
"Bu gün dövlət çevrilişinə cəhd edən və hakimiyyəti zorla ələ keçirmək istəyən bu cinayətkar qüvvələr öz çirkin əməlləri ilə dövlətimizin qurucusu, bütün həyatını xalqının rifahına və dövlət müstəqilliyimizin sarsılmazlığına xidmət edən Heydər Əliyevə, Azərbaycan xalqını dünyada qalib xalq kimi tanıdan və beynəlxalq aləmdə dövlətimizə böyük imic qazandıran İlham Əliyevə və azadlığımız müstəqilliyimiz, ərazi bütövlüyümüz, suverenliyimiz uğrunda canından keçmiş əziz şəhidlərimizin ruhuna qarşı ən ağır xəyanətdir", - deyə millət vəkili əlavə etdi.
Aminə ŞAHSUVARQIZI













