"Lənkəran layihəsinin icrası şəhər sakinlərinin rifahına mühüm töhfə verəcək" - Deputat
"Bu yaxınlarda Nazirlər Kabinetinin sərəncamı ilə 2026-cı il üçün dövlət-özəl tərəfdaşlığı çərçivəsində su və tullantıların idarə olunması, ətraf mühit və ekologiya, nəqliyyat və daşımalar, təhsil, səhiyyə, eləcə də qida və kənd təsərrüfatı sahələri prioritet sektor olaraq müəyyən edildi. Həmçinin 2026-cı il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı təsdiq olunaraq, İqtisadiyyat Nazirliyi tərəfindən ictimaiyyətə təqdim olundu. Milli Məclisin qəbul etdiyi 27 dekabr 2022-ci il tarixli dövlət-özəl tərəfdaşlığı haqqında qanuna əsaslanan bu mexanizm, dövlət orqanları və özəl şirkətlər arasında qarşılıqlı faydaya əsaslanan əməkdaşlığı təşviq edərək, Azərbaycanın sosial-iqtisadi tərəqqisinə innovativ yanaşmanı təmin edir".
Redaktor.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deputat Fariz İsmayılzadə bildirdi.
"Təsdiq olunmuş layihələrdən biri təmsil etdiyim Lənkəran rayonunda bərk məişət tullantılarının idarə edilməsi layihəsidir. Bu layihə çərçivəsində tullantıların təkrar emalı və idarə olunması sistemləri təmin olunacaq şəhərin və ətraf kəndlərin ekoloji vəziyyəti yaxşılaşdırılacaq əhalinin sağlam həyat şəraiti təmin ediləcək həmçinin turizm və kənd təsərrüfatı sahələri üçün əlverişli şərait yaradılacaqdır.
Əminəm ki, Lənkəran layihəsinin icrası dövlət-özəl tərəfdaşlığın nəticəsi olaraq, regionun davamlı inkişafına və şəhər sakinlərinin rifahına mühüm töhfə verəcəkdir. Dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilən digər layihələrdən biri də ilk pilot layihəsi kimi dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı layihəsini qeyd etmək olar. Bu layihə suyun keyfiyyəti, mövcud infrastrukturun vəziyyəti, ətraf mühit faktorlarını nəzərə alaraq, müxtəlif xarici investorlarla əməkdaşlıq çərçivəsində icra olunur. Bu təşəbbüs dövlət və özəl sektor əməkdaşlığının praktik nümunəsi olaraq, ölkəmizdə su təchizatı sahəsində innovativ həllərin tətbiqinə imkan yaradacaq. Azərbaycan Respublikasının dövlət-özəl tərəfdaşlığı haqqında qanunun icrası çərçivəsində fikir mübadiləsinin aparılması böyük əhəmiyyət kəsb edir. Bu fəal iştirak, yalnız mövcud layihələrin uğurla icrasına deyil, həm də yeni təşəbbüslərin ortaya çıxmasına da və ölkəmizdə dövlət-özəl tərəfdaşlığı mexanizminin daha da inkişaf etdirilməsinə imkan yaradacaq", - deyə o, qeyd etdi.
Aminə ŞAHSUVARQIZI













