"Qazaxıstan bu gün dünyaya istehsal olunan uranın 40 faizini verir"

 11:30 24.10.2025     653

"Azərbaycan öz müstəqilliyini qazandığı vaxtdan bu günə qədər dünyanın 25 ölkəsi ilə strateji tərəfdaşlıq münasibətləri barədə sənəd imzalayıb. Bu dövlətlərdən bəziləri ilə isə strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında beynəlxalq müqavilə imzalanıb. Bunlardan biri də qardaş Qazaxıstan Respublikasıdır.

Bu kontekstdə Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfərinin ölkələrimiz arasında strateji tərəfdaşlıq və müttəfiqlik haqqında Müqavilənin 20-ci ildönümünə təsadüf etməsi strateji əhəmiyyətlə yanaşı, həm də rəmzi məna daşıyır. Qazaxıstan Prezidenti Tokayevin Prezident İlham Əliyevin dövlətçilik fəaliyyətinə və sülh gündəliyinə həm mətbuat qarşısında, həm də Dövlətlərarası Ali Şuranın mətbuata açıq hissəsində verdiyi yüksək qiymət xüsusi əhəmiyyəti ilə seçilir.

Redaktor.az xəbər verir ki, bu barədə Milli Məclisin bugünkü plenar iclasında deputat Rizvan Nəbiyev bildirdi.

"Səfər çərçivəsində qardaş Qazaxıstanın dövlət başçısının həm protokol baxımından, həm də imzalanan sənədlərin məzmunu və ikitərəfli münasibətlərin əhəmiyyəti baxımından mətbuata verdiyi açıqlamaları, eləcə də Dövlətlərarası Ali Şuranın mətbuata açıq hissəsində səsləndirdiyi bəzi fikirləri burada bir daha səsləndirmək istərdim.

“İlham Heydər oğlu Əliyev tarixi miqyasda görkəmli dövlət xadimidir. Prezident İlham Əliyevin yorulmaz səyləri sayəsində Azərbaycanın dünya arenasında nüfuzu və təsiri dəfələrlə güclənib.

Müasir Azərbaycanın bütün möhtəşəm nailiyyətləri Sizin qurucu, güclü liderliyinizlə ayrılmaz şəkildə bağlıdır.

Üstəlik, Azərbaycan Sizin güclü liderliyinizlə öz mövqelərini xeyli möhkəmləndirib, beynəlxalq arenada nüfuzunu artırıb və dünyanın sizə aid hissəsində regional güc kimi çox mühüm rol oynayır.”

Nəzərə alsaq ki, Cənab Tokayev peşəkar diplomatdır, müstəqil Qazaxıstanın diplomatik xidmət orqanlarının formalaşması həm də onun fəaliyyəti ilə bağlıdır, 10 il ölkəsinin xarici işlər naziri olub, BMT Baş katibinin müavini kimi beynəlxalq aləmdə kifayət qədər nüfuz qazanıb. Ona görə də qardaş ölkənin dövlət xadiminin cənab Prezidentin fəaliyyətinə verdiyi dəyər, həm də Qalib Azərbaycana münasibətdə yüksək ehtiramın ifadəsidir.”

Prezident Tokayevin Azərbaycan Prezidentinin sülh gündəliyinə və sülh təşəbbüslərinə verdiyi qiymət də diqqəti çəkir. O, Prezident Əliyevin fəaliyyətini və gördüyü işləri “həm öz dövlətinizin rifahı naminə, həm də əlbəttə ki, beynəlxalq şəraitin sağlamlaşdırılması üçün” xidmət kimi xarakterizə etmişdir.

Beynəlxalq şəraitin sağlamlaşdırılması dedikdə ilk növbədə beynəlxalq hüququn pozulmuş prinsiplərinin bərpası, işğala son qoyulması və Azərbaycanın ərazi bütövlüyünün bərpası nəzərdə tutulur".

Deputatın sözlərinə görə, səfər müddətində əldə olunan məsələlərdən biri də Orta Dəhlizin işinin intensivləşdirilməsi ilə bağlıdır:

"Qazaxıstan bu gün dünyada istehsal olunan uranın 40 faizini verir. Birləşmiş Ştatlar özünün tələbatının 25 faizə yaxının ondan alır. Prezident Tokayevin bundan sonra uranın həm də Azərbaycan üzərindən ixracının həyata keçirilməsi təklifi Orta Dəhlizin bir daha strateji əhəmiyyətinin artmasını göstərir".

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən