"Əhalimizin tibbi sığortadan gözləntiləri var, ilkin tibbi xidmətin səviyyəsi aşağıdır" - Əhliman Əmiraslanov
"İcbari tibbi sığorta uğurla həyata keçirilir. Ən mürəkkəb və yüksək maliyyə tutumlu müayinə və müalicə üsulları tibbi sığorta ilə qarşılanır. Son iki ildə 170 böyrək, 152 qaraciyər, 7 mindən çox oynaq 200-dən çox koklear, 23 sümük iliyi, çoxsaylı kök hüceyrə transplantasiyası və 25 mindən çox ürək əməliyyatları icbari tibbi sığorta ilə icra olunub".
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin bugünkü iclasında 2026-cı ilin dövlət büdcəsi zərfinin müzakirəsi zamanı bildirdi.
Onun fikrincə, Azərbaycan səhiyyəsi bu günlərdə daha bir uğura imza atıb:
"Qafqazda ilk dəfə olaraq Azərbaycanda uğurlu ürək transplantasiyası həyata keçirilir. Belə əməliyyatların sayı get-gedə artacaqdır. Bu qəbildən olan əməliyyatların da icbari tibbi sığorta ilə qarşılanmasına ehtiyac var. İcbari tibbi sığorta xidmətləri zərfi daim genişlənir. İnanıram ki, icbari tibbi sığorta yaxın gələcəkdə əhali arasında təsadüf edilən bütün xəstəliklərin müayinə və müalicəsini qarşılayacaqdır. Əhalinin icbari sığortadan məmnunluğu get-gedə artır. Ancaq əhalimizin tibbi sığortadan gözləntiləri də vardır. Onnlardan biri ambulator müalicə alan xəstələrin dərman vasitələri ilə təminatının icbari tibbi sığorta ilə qarşılanmasıdır. Milli Məclis bu məsələ ilə bağlı "Tibbi sığorta haqqında" qanuna da müvafiq dəyişikliklər edib. İnanıram kii xəstələrin səbirsizliklə gözlədiyi bu problem növbəti ildə həllini tapacaq".
Ə.Əmiaslanovun sözlərinə görə, insanlarımızı narahat edən digər bir məsələ əhaliyə göstərilən ilkin tibbi xidmətin səviyyəsinin aşağı olmasıdır.
"Bu problem xüsusilə bölgələrdə, kənd yerlərində özünü daha da amiranə göstərir. Bölgələrdə olan tibb məntəqələrinin böyük bir qismi istifadəyə yarasız vəziyyətdədir. Ciddi kadr çatışmazlığı vardır
İlkin tibbi xidmətin ölkəmizdə vəziyyəti ilə bağlı Milli Məclisdə Səhiyyə Komitəsi, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in iştirakı ilə geniş dinləmə keçirilir. Pilot rayon da müəyyən edilib. Problemin həlli istiqamətində ilkin addımlar atılmağa başlayıb. Bu sahədə görülən işlərin sürətlənməsinə, sürətləndirilməsinə ciddi ehtiyac vardır", - deyə komitə sədri bildirdi.
Aminə ŞAHSUVARQIZI













