"Ümumi daxili məhsulun cəmi 1,3 faiz artması hamımızı narahat etməlidir" - Qüdrət Həsənquliyev
"Komitə iclaslarında biz iqtisadiyyatımızın neftdən asılılığından, ixracın azalması, idxalın artmasından, dövlət müəssisələrinin az vergi ödəməsindən, onlara münasibətdə tətbiq olunan güzəştlərdən geniş danışdıq, narahatlıqlarımızı ifadə eləmişik".
Redaktor.az xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev parlamentin bugünkü iclasında büdcə müzakirələri zamanı bildirdi.
"Büdcə zərfi ilə əlaqədar görülən müsbət işləri qiymətləndirməklə yanaşı onu da qeyd etmək istəyirəm ki, bu ilin doqquz ayının iqtisadi göstəricilərinə əsasən, ərzaq və sənaye məhsullarının xidmətlərin qiymətlərinin artmasına baxmayaraq, neft və qaz sektorunda hasilatın azalması və qiymətlərinin aşağı düşməsi səbəbindən ümumi daxili məhsulun real ifadədə cəmi 1,3% artması hamımızı narahat etməlidir. Bu, regionda ən aşağı göstəricidir.
Büdcə zərfi ilə əlaqədar Hesablama Palatasının rəyində göstərildiyi kimi, büdcə zərfində bəzi sahələrdə məlumatlılıq səviyyəsi azalmışdır. Bilmirik, qeyri-neft sektorundan büdcə daxilolmalarının artımının neçə faizi yeni açılmış istehsal və emal müəssisələri hesabınadır.
Gündə 200 yeni iş yerinin açılması çox yaxşıdır. Amma bilmirik ki, gündə nə qədər insan iş yerini itirir. Açılan iş yerlərinin hansı hissəsi istehsal və emal müəssisələrinin yaradılması hesabınadır? Başlanğıcda vətəndaşların əmanətlərinin artırılması qeyd olunsa da, nə qədər insanın bank kreditlərinin, yəni istehlak və ipoteka kreditlərinin olması barədə məlumat verilməmişdir. Mətbuatda oxuduğumuz rəqəmlərdən qeyd eləyə bilərəm ki, söhbət 3 milyondan artıq Azərbaycan Respublikasının vətəndaşının 12 milyard 690 milyon manat borcundan söhbət gedir", - deyə millət vəkili əlavə etdi.
Aminə ŞAHSUVARQIZI













